Facebook Pixel Code
Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi
Baxış sayı:
Avtobus
Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi1923-cü ildə respublika hökuməti və Torpaq Komissarlığının təşəbbüsü ilə yaradılıb. Əvvəlcə kənd təsərrüfatı və sənaye-ticarət satışı sərgisi kimi təşkil edilmişdir. Sonralar burada nümayiş olunan eksponatlar zənginliyinə görə böyük marağa səbəb olduğundan muzey kimi fəaliyyətə başlamışdır.Muzeyin girişini qədim «İpək Yolu»nun xəritəsi, dənli bitkilərdən hazırlanmış Azərbaycan xəritəsi, kənd təsərrüfatının ayrı-ayrı sahələrinə həsr olunmuş rəsm əsərləri və sair bəzəyir. Muzeyin birinci zalında Azərbaycanda qədim insan məskənlərindən olan Qobustan qayalıqlarının maketi yerləşdirilib, burada yel dəyirmanı, əkinçi, darı bitkisi və kənd təsərrüfatı alətlərinin təsvirləri verilib. Zalda XVIII-XIX əsrlərə aid daxma diqqət cəlb edir. Daxmada geyim və bəzək, gündəlik məişət əşyaları, gildən və taxtadan hazırlanmış qablar, nehrə, taxta tərəzi və xurcunlar, yun saplardan toxunmuş palaz və xalçalar, cəhrə, kiçik əl dəyirmanı (kirkirə) və sair nümayiş olunur. Növbəti zalda XIX əsrin sonu - XX əsrin əvvəllərə aid eksponatlar, rəsm əsərləri sərgilənir. Burada Azərbaycanın tanınmış alim-nəbatatçı, görkəmli ictimai xadim Həsən bəy Zərdabiyə həsr olunmuş xüsusi guşə də yaradılmışdır.Zalda 1925-ci ildə Amerikadan ölkəmizə gətirilmiş «Fordzon» markalı traktor haqqında məlumat da verilir.Üçüncü ekspozisiya zalı taxılçılığa və pambıqçılığa həsr olunub. Burada Mingəçevirdə arxeoloji qazıntılar zamanı tapılmış eramızın I əsrinə aid edilən buğda dənəsinin nümunəsi,e.ə. I minilliyə aid edilən və qulpunda arpa, buğda şəkilləri təsvir olunmuş dolçanın şəkli, qədim kənd təsərrüfatı alətləri sərgilənir. Zalda , həmçinin, atla hərəkətə gətirilən dəyirman daşı da nümayiş olunur. Zalın pambıqçılığa aid bölməsində arxeoloji qazıntılar zamanı Mingəçevirdə tapılan və V-VI əsrlərə aid edilən pambıq toxumlarının nümunəsi nümayiş olunur. Bölmədə tanınmış əmək qabaqcılları, sosialist əməyi qəhrəmanları Bəsti Bağırova, Şamama Həsənova, Sərdar İmrəliyev, ilk qadın mexanizator Sevil Qazıyeva və digərlərinin şəkilləri yerləşdirilib.Muzeyin dördüncü ekspozisiya zalında heyvandarlıq, arıçılıq, meyvəçilik, üzümçülük, ipəkçilik, tütünçülük və çayçılığa dair maraqlı guşələr yaradılmışdır.Beşinci ekspozisiya zalında Azərbaycan xalqının etnosunu, məişətini göstərən eksponatlar nümayiş olunur. Burada XVIII əsrin sonu -XIX əsrin əvvəllərinə aid kəndli qadının və kişinin iş, toy-bayram, mərasim geyimləri, bəzək əşyaları, sandıq və digər məişət əşyalarını görmək mümkündür. Heyvandarlıqla məşğul olan kənd əhalisi yaylağa köçərkən özlərinə alaçıqlar düzəldirdilər. Zalda həmin alaçıq nümunələri ilə də tanış olmaq mümkündür. Sonuncu zalda isə əsasən muzeyə verilən hədiyyələr nümayiş olunur. Bundan əlavə, taxta tərəzi, kəfkir, mis qazan, gil bardaq, taxta tabaqlar və digər məişət əşyaları ilə tanış olmaq mümkündür. Burada həmçinin bəzi heyvanların dərisi, onlardan hazırlanan məmulatlar, qoyun dərisindən düzəldilmiş motal, cəhrə, yun darağı və sair ziyarətçilərin diqqətinə təqdim olunur. Zalda həmçinin ikidişli və beşdişli yaba, oraq, vəl, dırmıq və sair var.
INSTAGRAM
posts
followers
Follow