Tarix –Diyarşünaslıq Muzeyi 1985- ci ilin may ayından fəaliyyət göstərir. Muzein binası iki mərtəbəli olmaqla ümumi sahəsi 358 kv/m-dir. 1- mərtəbə foyedən və 3 sərgi salonundan, fond və inzibati otaqlardan, 2-ci mərtəbə isə ekspozisiya zalından ibarətdir.
Muzeydə rayonun ərazisindən arxeoloji qazıntılar zamanı tapılmış e.ə III-I əsrlərə aid eksponatlar toplanmışdır. Bunlara misal olaraq saxsı qabları, tunc, misdən hazırlanmış əşyaları, habelə XVIII- XX əsrlərə aid xalq tətbiqi sənət nümunələrini, məişət və etnoqrafiyaya aid əşyaları göstərmək olar.
Muzeyimizin əsas məqsədi ulu keçmişimizi özündə yaşadan yadigarların toplanması, qorunması öyrənilməsi və gənc nəslin tərbiyəsində əsas təbliğat vasitəsi kimi istifadə edilməsidir. Tarix –Diyarşünaslıq Muzeyi rayonun ümumtəhsil məktəbləri, idarə və təşkilatları ilə sıx əlaqədə işləyir, rayonumuzun tarixinə maraq oyatmaq üçün tarix dərsləri təşkil olunur, məktəblilərlə müntəzəm olaraq silsilə tədbirlər həyata keçirir. Hər il ənənəvi olaraq ”Muzeylər gecəsi” aksiyasında, “ Beynəlxalq Muzeylər günü”ndə “Açıq qapı” günləri təşkil olunaraq muzeyə gələn tamaşaçılara mühazirələr oxunur, eksponatlar haqqında geniş məlumat verilir.