Facebook Pixel Code
GoMap XƏRITƏ
Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu (20000 ha)
Baxış sayı:
  • Ünvan:
    Ələt-Astara-İran, Bakı, AZ0000
Avtobus

Ölkəmiz yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınmışdır. Planetimizdə olan 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir. Palçıq vulkanları neft-qaz yataqlarının müəyyən edilməsində xərcsiz başa gələn, kəşfiyyat quyusu rolunu oynayır. Bundan əlavə palçıq vulkanlarının gili faydalı qazıntı hesab olunur. Həmçinin, vulkan palçığı bir sıra xəstəliklərin-əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur. Eyni zamanda vulkanlar seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə, zəlzələlərin baş verməsi və bu kimi hadisələrin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır. Son illər Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin artması nəticəsində onların əraziləri dağıdılır, orada intensiv inşaat işləri aparılır, vulkanların püskürmə ehtimalı olan zonalarında yaşayış binaları inşa olunurdu. Bu səbəbdən ölkə ərazisində mövcud olan palçıq vulkanlarının mühafizəsini təşkil etmək, təbiətin bu nadir hadisələrinə daha qayğı ilə yanaşmaq aktual əhəmiyyət kəsb edirdi. Hələ 1982-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 167 №-li Qərarı ilə 4 palçıq vulkanına təbiət abidəsi statusu verilmişdi (Qobustan qəsəbəsində - Böyük Kənizdağ, Ayrantökən və Daşgil, Lökbatanda – Lökbatan palçıq vulkanları). Daha sonra, təbii görkəmi və geoloji xüsusiyyətlərinə görə 23 palçıq vulkanına təbiət abidəsi statusu verilmiş, həmin vulkanların etibarlı mühafizəsini təşkil etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Milli Elmlər Akademiyasının mütəxəssislərinin iştirakı ilə «Palçıq vulkanları üzrə Elmi Koordinasiya Şurası» yaradılmışdır. Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin aradan qaldırılması və mühafizəsinin təşkili, onların fəaliyyətinin öyrənilməsinin böyük elmi və praktiki əhəmiyyətini nəzərə alaraq bu təbiət sərvətlərinin qorunması və gələcək nəsillərə çatdırılması, respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 avqust 2007-ci il tarixli 2315 nömrəli Sərəncamına əsasən «Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu» yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir. Dövlət Təbiət Qoruğu statusu verilmiş palçıq vulkanlarının mühafizəsi və tədqiqi istiqamətində tədbirlər ardıcıl olaraq həyata keçirilməkdədir.


Ayrantökən palçıq vulkanı - Vulkan Bakıdan 65 km cənub-qərbdə, Atbulaq d/y stansiyasından 4.5 km şimal-şərqdə yerləşir və nisbi hündürlüyü 190 m olan uzanan yayladır. Morfoloci əlamətlərinə görə ovalığa oxşar formadadır. Cənub yamacı boyunca 1964-1990-cı il püskürmələrinin brekçiya axını müşahidə olunur. 1.5 km uzunluğunda və 200 m enində «dillər» 1964-cü il püskürməsi zamanı düzənliyə axmışdır. Yüksəklik sahəsində 4 vulkan təzahürləri vardır ki, bunlardan biri strukturun cənub-qərb hissəsində yerləşir və neftli qrifonları təşkil edir. Digəri, sopka və qrifonların böyük qrupu indiki kraterin şimal- qərbində yerləşir və çoxlu sayda aktiv fəaliyyətli mikroformalara malikdir; sopkaların hündürlüyü 5-10 m-ə çatır. Krater sahəsinin ətrafında uzunluğu 700-800 m, dərinliyi 2-3 m olan bir neçə iri çatlar vardır. Kraterin mərkəzində brekçiyanın parçalanması müşahidə olunur. Brekçiyanın ümumi həcmi 500 mln. m3, örtük sahəsi isə 805 ha-dır. Ayrantökən dövrü olaraq püskürən vulkandır. Vulkanın demək olar ki, bütün püskürmələri yeraltı uğultu, partlayış, alov sütunu (bəzən, 500 m hündürlüyündə), fasiləsiz qaz yanması, vulkan brekçiya tullantılarının olması və parçalanma zonalarının, eləcə də müxtəlif istiqamətli, 45-20 m dərinlikdə, çatların əmələ gəlməsilə müşahidə olunmuşdur. Onun ilk püskürməsi 1964-cü ildə, son püskürməsi isə 2008-ci ilin martında baş verib. 2004-cü ildəki püskürmə xeyli güclü olub, alovla, 20-25 m hündürlüyə atılan brekçiya ilə müşayiət olunmuşdur. 400 min m3 həcmində və 1.2 m qalınlığında brekçiya krater ərazisində mərkəzində 4.5 ha sahəni örtmüşdür. Onun cənub və cənub-şərq hissələrində müxtəlif istiqamətli çatlar və köhnə brekçiya örtüyünün parçalanması baş vermişdir. Tullantılar içərisində çoxlu sayda neftli süxur qırıntıları vardır.
Bahar palçıq vulkanı - Bakıdan 55 km cənub-qərbdə Ələt dağ silsiləsinin sonunda – Ələt burnunda yerləşmişdir. Yer səthindən 45 m hündürlükdədir. Palçıq vulkanının ümumi görünüşü dağ ətəyi şəkillidir və vulkan brekçiyası dağıdılmış kəsik konus formalı hündürlüyü 15 m olan krater bəndini təşkil edir. Oroqrafik cəhətdən vulkan kiçik təpələr və qumm qabarıqları ilə mürəkkəbləşir. Vulkan sahəsində 2 qrup sopkalar, qrifonlar və salzaları var. Bir çox sopkaların hündürlüyü 15 m-ə kimi olub konus şəkillidir. 30-dan çox fəaliyyətdə olan mikroformalar vardır. Vulkanın 8 püskürməsi qeydə alınmışdır (ilk dəfə 1853-ci ildə, sonuncu 1993-cü ildə).
Qoturdağ palçıq vulkanı - Vulkan Bakıdan 70 km cənub-qərbdə, Ayrantökənin isə 3 kmliyində yerləşmişdir. Nisbi hündürlüyü 150 m-dir. Morfoloci olaraq bu vulkan, dərinliyi 15-20 m, diametri 150 m olan kəsik konus şəklindədir. Qoturdağ, özünün təzahürü cəhətdən Azərbaycanın başqa vulkanlarından fərqlənən maraqlı vulkandır. 100 ildən artıqdır ki, vulkanda gözəl mənzərə müşahidə olunur: fasiləsiz qeyri-adi püskürmə prosesi baş verir ki, bu da uzunluğu 50 m, eni 15 m olan nalşəkilli krater boğazından çıxan gümbəzşəkilli palçıq kütləsinin əmələ gəlməsinə səbəb olur. Tyubikdən çıxan pasta kimi, yarıquru brekçiya yuxarı sıxılıb çıxır və parçalanaraq yamac boyu aşağı axır. Bu hadisə ilk dəfə olaraq 1926-cı ildə müşahidə olunmuşdur ki, onda axının sürəti bir ildə 42 m olmuşdu. Bu proses 1966-cı ilə qədər davam etmiş, sonra isə 1966-cı ilin oktyabrında və 1970-ci ilin yazında adi püskürmə baş vermişdir. Eyni zamanda brekçiyanın bərkiməsi davam etmiş və onun ellipsoidal formasının eni 25 m hündürlüyü 10 m-dən çox olmuşdur. Brekçiyanın sıxılıb çıxma sürəti ayda 2.5 m olmuşdur. Vulkanda şimal istiqamətdə uzunluğu 1 km-dən çox olan brekçiya «dilinin» yaranması müşahidə edilir. Brekçiya örtüyünün sahəsi 408 ha, kütləsinin həcmi 530 mln. m3, qalınlığı isə 130 m-dir.
Diləngəz palçıq vulkanı - Vulkan Bakıdan 65 km cənub-qərbdə, Ələt stansiyasından 4.5 km şimal-qərbdə, Daşgil palçıq vulkanının yaxınlığında yerləşmişdir. Bu, brekçiyanın 550 ha sahədə yayıldığı (orta qalınlığı 30 m) böyük palçıq vulkanıdır. Vulkanın yer səthinə çıxardığı sərt kütlənin ümumi həcmi 165 mln. m3-dur. Vulkanın relyefi çatlarla parçalanmış, mütləq hündürlüyü 216 m, nisbi hündürlüyü isə 280 m-dir. Vulkanın 2 qrup mikroforması var ki, onlardan biri kraterin şərq hissəsində yerləşir və onun oturacaq sahəsi düzgün olmayan dairə formasındadır. Bir neçə alçaq sopka və qrifonlardan intensiv şəkildə qaz, su və neft örtüyü olan palçıq ayrılır. Digər, nisbətən hündür (10 m-dən çox) sopka və qrifonlar qrupu birincidən 500 m kənarda yerləşir və aktiv fəaliyyəti ilə xarakterizə olunur.

http://www.elibrary.az/docs/azereco/az/eco_m1_4_2.pdf

http://www.azmudvolcanos.com/18.htm

Son xəbərlər