Facebook Pixel Code
GoMap XƏRITƏ
Əlincəçay хanəgahı
Baxış sayı:
  • Ünvan:
    Culfa, AZ7225
Avtobus

Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sahilində orta əsrlərə aid memarlıq kompleksi. El arasında Şeyx Xorasan adlanan kompleksdən zəmanəmizədək türbə, məscid və bəzi tikililərin qalıqları gəlib çatmışdır. Kompleksə daxil olan türbənin cənubdan giriş qapısının baş tərəfində qoyulan kitabənin məzmunundan aydın olur ki, türbə əmir, isfəhsalar, böyük alim Uluq Qutluq Lala bəyin əmri ilə memar Xacə Cəmaləddin tərəfindən inşa eilmişdir. Kitabənin son hissəsi ovulub töküldüyü üçün onun inşa tarixini dəqiq təyin etmək mümkün olmamışdır. Ancaq memarlıq-konstruktiv quruluşuna görə onu XII-XIII əsrlərə aid etmək olar. Türbənin içərisində bir qəbir vardır. Ancaq qəbrin üstündə kitabə olmadığı üçün orada kimin dəfn edildiyi məlum deyidir. Yerli əhalinin fikrincə, hürufilik təliminin banisi Fəzullah Nəimi 1394-cü ildə Əlincədə faciəli surətdə qətlə yetirildikdən sonra müridləri onun cənazəsini gətirib burada dəfn etmişlər. Məhz buna görə də Xanəgah kompleksinə yerli əhali arasında verilən ad (Şeyx Xorasan) tədqiqatçılar tərəfindən F. Nəiminin ləqəblərindən olan Şeyx Xurasa (Günəşə oxşar, Nurani şeyx) və F. Nəiminin təhsil alıb kamilləşdiyi Xorasandan Azərbaycana gəldiyi üçün Xorasanlı şeyx, Xorasan şeyxi kimi izah edilir. Türbənin cənubunda ona bitişik inşa edilmiş türbə-məscid xanəgahda fəaliyyət göstərən sufi təriqətinin rəhbərlərindən olan Şeyx Hacı Lələ Məliyin xatirəsinə hicri 901 (miladi 1495-96) ildə Xond Bikə xatın tərəfindən inşa edilmişdir. Orta əsrlərdə sufi şeyxləri ailələri ilə birlikdə xanəgahlarda yaşayır, öldükdən sonra xanəgahın yanında dəfn olunurdular. Şeyx Hacı Lələ Məlik də xanəgaha rəhbərlik edərək orada yaşamış, vəfat etdikdən sonra öz xanəgahının yanında dəfn olunmuş və qəbrin üstündə Xond Bikə xatın (ehtimal ki, şeyxin arvadı olmuşdur) türbə-məscid inşa etdirmişdir. Xond Bikə xatın vəfat etdikdən sonra özü də xanəgahın ətrafında dəfn edilmişdir. Ona məxsus sənduqə tipli xatirə abidəsi hazırda Xanəgahın yanında qalmaqdadır. Xanəgahın ətrafında bərpa işləri aparılarkən torpağın altından 1444-45, 1491-92, 1493-cü illərə aid məzar kitabələri aşkar olunmuşdur. Xanəgah uzun müddət orada fəaliyyət göstərən dərvişlərin yaşayış, ibadət və zikr yeri olmuşdur. Epiqrafik dəlillərə əsasən aydın olur ki, xanəgah XVIII əsrdə də fəaliyyət göstərmiş və onun üzvləri buradan öz ideyalarını yaymışlar.

Son xəbərlər