Başlıca vəzifəsi kitabın təbliği, reklamı, yayımı və satışı olan respublika Kitabxana Kollektoru Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tərkibində geniş fəaliyyət göstərən qurumlardan biridir.
Müəssisə yarandığı gündən respublika kitabxanaları arasında kitabın yayımının təşkili işində müstəsna əhəmiyyətə malikdir.
1920-ci ildən fəaliyyət göstərir - 100 yaşı bu ilin iyununda tamamlanacaq. Kitabın təbliği sahəsində uzun bir yol keçən Kollektor yarandığı gündən Xalq Maarif Komissarlığının nəzdində fəaliyyət göstərib. İlk vaxtlarda əsas vəzifəsi müxtəlif mağazalardan, təşkilatlardan, şəxslərdən kitablar alıb kitabxanalar arasında bölüşdürmək idi. Kollektorun Azərbaycan, rus və xarici dillər şöbələri vardı.
Kitab təbliği və yayımı sahəsində yüz ilə zaman məsafəsi qət edən Respublika Kitabxana Kollektoru bu gün də kitabın oxuculara çatdırılması işində fəallıq göstərir. Bu qurumun iş prinsiplərinə gəldikdə, Mədəniyyət Nazirliyinin sifarişi ilə nəşr olunmuş kitabların respublika kitabxanalarına hədiyyə şəklində çatdırılmasını təmin etməklə və ilin əvvəlində bağlanılan müqavilə əsasında kitab satışını həyata keçirməklə fəaliyyətini tənzimləyir. Kollektorun fondunda tariximiz, dövlət quruculuğumuz, elmin müxtəlif sahələri, iqtisadiyyat və turizmlə bağlı kitabların sayı artmaqdadır, oxucuların marağından çıxış edərək müxtəlif sahələrə aid ədəbiyyat nümunələri ilə daha da zənginləşir. Respublikadakı kitabxanaların kitablarla təminatı ilə yanaşı həm də müəlliflərlə oxucular arasında yaradıcı münasibətlərin qurulmasında əhəmiyyətli işlər görür. Hər il müəlliflərdən minlərlə kitab satın alınaraq kitabxanalara paylanılır, nəticədə ölkəmizin dörd bir tərəfindəki oxucular istədikləri kitabları kitabxanalardan əldə edib oxuya bilirlər. Beləcə Kitabxana Kollektoru tərəfindən kitabları satın alınan müəlliflər həm dövlətdən maddi dəstək görür, həm də əsərləri ölkənin əsas kitabxanalarına göndərilərək oxuculara qovuşur. Hər il ardıcıl şəkildə reallaşan bu proses regionlardakı kitabxanaların yeni nəşrlərlə təminatı prosesini dayanıqlı edir. Nəticədə kollektorun köməyi ilə ən son, gərəkli və maraqlı nəşrləri ən ucqar kitabxanalardan da tapmaq olur.