Bakı Xoreoqrafiya Akademiyası (BXA) — Azərbaycan Respublikasında xoreoqrafiya sahəsində ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən xüsusi ali məktəb.
30 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb. Akademiya Bakı Xoreoqrafiya Məktəbinin bazasında yaradılıb.
BXA Azərbaycan Respublikasında xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsi zərurətini nəzərə alaraq, bu sahə üzrə yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə təsis olunub.
1 avqust 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Bakı Xoreoqrafiya Akademiyası binasının tikilməsi ilə bağlı layihələndirmə işlərini təmin etmək üçün Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 2 milyon manat ayrılmışdır.
Bakı Xoreoqrafiya Akademiyasına Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev rəhbərlik edir.