Azərbaycanda musiqi təhsilinin inkişafında mühüm işlər görən qocaman sənət ocağı Rəşid Behbudov adına 2 saylı Onbirillik Musiqi Məktəbi arxiv sənədlərindən alınan məlumatlara görə, Bakı şəhərində ilk tədris müəsisələri – 1 və 2№-li musiqi məktəbləri kimi1931-ci ildə açılmışdır.
Musiqi məktəbinin ilk günlərində burada bir çox müəllimlər fəaliyyət göstərirdi: L. Yeqorova, R. Siroviç, V. Siroviç, R. Gelman, M. Rudolf. O zaman məktəbin müdiri vəzifəsini R. Quliyev icra edirdi.
1940-cı ildən etibarən Səmədova Fatma Əliəşrəf qızı 2 saylı musiqi məktəbinə müdir təyin olunub. Onun sayəsində müxtəlif şöbələr yaradılmış, musiqi təhsilinə çoxlu uşaqlar cəlb edilmişdir.
1963-cü ildən 1986-cı ilə kimi məktəbin direktoru vəzifəsinə Zivər İbrahimova təyinat alıb. 1986-cı ildən isə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, musiqişunas Qəmər Quliyeva rəhbərlik edir.
1990-cı il fevralın 9-da 2 saylı Musiqi Məktəbinə görkəmli müğənni, dünya şöhrətli sənətkar Rəşid Behbudovun adı verilmişdir.
Son illərdə məktəbdə musiqi təhsilinin təkmilləşdirilməsi sahəsində yeni işlər aparılır. 2006-cı ildən etibarən 2№-li musiqi məktəbi onbirillik tədris müəssisəsinə çevrilmişdir.
Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin xətti ilə 2018–ci ilin 11 ayı ərzində məktəbdə əsaslı təmir işləri aparılıb, bütün inventar və avadanlıq yenilənib.
Məktəbdə şagirdlərdən ibarət xalq çalğı alətləri orkestri, xor kollektivi və skripkaçılar ansamblı fəaliyyət göstərir.