Qax rayonunun İlisu kəndi ərazisindəki tarixi-memarlıq abidələrindən biri inşa tarixi 17-18-ci əsrlərə aid edilən, yerli əhali arasında “Sumuq qala”adı ilə tanınan müdafiə qülləsidir. Qüllənin inşasında çay daşından, əhəng məhlulundan və bişmiş kərpicdən istifadə olunmuşdur. Qüllə dördkünc formaya malik olub, yuxarı qalxdıqca ensizləşir. Dördmərtəbəli qüllənin iki mərtəbəsinin hər divarında bir pəncərə və 2 mazğal qoyulmuşdur. Həmin mərtəbələrin divarları bayır tərəfdən əhəng məhlulu ilə suvanmışdır. Qüllənin 4-cü mərtəbəsi isə digər mərtəbələrdən fərqli olaraq daha iri ölçülü pəncərələrlə əhatələnmişdir. Sumuq qala şeyx Şamilin silahdaşı və naibi İlisu sultanı Daniyal bəyin hərbi qüllələrindən biridir.
Rayonun turizm marşrutuna daxil edilən "Sumuq qala" memarlıq abidəsinın bərpasına 2003-cü ildə başlanılmışdır. İlkin mərhələdə qalanın torpaq altında qalan hissəsi üzə çıxarılmış, abidə tam bərpa olunaraq öz əvvəlki görkəmini almışdır. Qax rayonunun beşmərtəbəli “Sumuq qala” müdafiə qülləsinin əsaslı təmirindən sonra qülləni əhatə edən meydançaya çay daşı düzülüb və yaxınlıqda inzibati bina tikilib. Abidəyə gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə yeni giriş yolu çəkilmişdir.
http://www.qax-ih.gov.az/az/21/58.html
http://az.newsazerbaijan.ru/tourism/20070917/41936694.html
http://www.anl.az/down/medeniyyet2008/fevral/medeniyyet2008_fevral_132.htm