Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
Baxış sayı:
Avtobus

Azərbaycan Xalq Maarif Komissarlığının 1928-ci il 20 sentyabr tarixli qərarı ilə Bakı Uşaq teatrı rəsmi olaraq fəaliyyətə başlamışdır. Teatrın ilk aktyorları və rejissorları Ağadadaş Qurbanov, Məmmədağa Dadaşov, Yusif Əminli, Minə Abdullayeva, Yusif Dadaşov, Susanna Məcidova, Cavahir İskəndərova, Süleyman Ələsgərov, Hüseynağa Sadıxov, Kərim Həsənov, Zəfər Nemətov, Məhərrəm Haşımov, Əliməmməd Atayev və başqaları olmuşdur. Teatrın rus bölməsi 1928-ci il noyabr ayının 06-da N.Smirnov və S.Şerbakovun “Beş nəfər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa ilə, Azərbaycan bölməsi isə 1930-cı il yanvar ayının 30-da N.İvanterin “Qırmızı qalstuk əleyhinə” adlı əsəri ilə öz fəaliyyətinə başlamışdır. 1936-cı il iyul ayının 18-dən etibarən Bakı Uşaq teatrı Azərbaycan Xalq Maarif Komissarlığının əmrinə əsasən “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı” adlandırılmışdır. Fəaliyyət göstərdiyi dövrdə öz tamaşaçılarına nümunəvi xidmət göstərən, gənc nəslin estetik tərbiyəsində və vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səmərəli fəaliyyətinə görə 1978-ci ildə Respublika Lenin Komsomolu Mükafatı Laureatı adına, 1979-cu ildə isə “Şərəf” nişanı Ordeninə layiq görülmüşdür. 2006-cı ildən başlayaraq kollektiv dünyanın bir sıra ölkələrində keçirilən Beynəlxalq Teatr Festivallarında fəal iştirak etməyə başladı. Teatr dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından fraqmentlərlə 2006-cı ilin dekabr ayında Moskva Vilayətinin Podolsk şəhərində keçirilən II Beynəlxalq Teatr Festivalının Qala-konsertində, 2007-ci ilin aprel ayında Türkiyə Cumhuriyyətinin Alanya şəhərində ənənəvi olaraq keçirilən 23 nisan Uşaq Bayramında N.Gəncəvinin “Xeyir və Şər”, R.Rzanın “Ana Qaz” və İ.Coşqunun “Çal oyna” tamaşaları ilə, 2008-ci ilin aprel ayında ikinci dəfə Türkiyə Cumhuriyyətinin Ankara və İqdır şəhərlərində 23 nisan Uşaq bayramı şənliklərində Ə.Orucoğlunun “Nənənin kələyi”, mart ayının 27-dən aprelin 4-dək Belorusun paytaxtı Minsk şəhərində R.Rzanın “Ana qaz” və S.Marşakın “Pişiyin evi”, may ayında isə Moskva vilayətinin Dmitrov, Taldom və Dubna şəhərlərində İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” və S.Marşakın “Pişiyin evi” tamaşaları ilə uğurla çıxış etmişdir.

Son xəbərlər