Çobanmaz - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Araqats (Alagöz) rayonunda kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 49 km şimalda, Hədis dağının ətəyində, Göykilsə (Kaputan) kəndinin yaxınlığında, dəniz səviyyəsindən 2150 m hündürlükdə yerləşir. 15 mart 1972-ci ilə kimi, keçmiş Araqats (Alagöz) rayonu təşkil edilənə qədər keçmiş Abaran rayonunun inzibati-ərazi bölgüsünə daxil olmuşdur. Erməni müəlliflərinin əsərlərində kəndin adı "Çobangörməz, Çobangörükməz, Çobangərəkməz" formalarında da qeyd edilmişdir (415, s. 5). Qafqazın 5 verstlik xəritəsində "Çobangərəkməz" formasında əksini tapmışdır (348, s. 286). Kənddə 1873-cü ildə 24, 1886-cı ildə 36, 1897-ci ildə 77, 1905-ci ildə 88, 1914-cü ildə 97, 1916-cı ildə 96 nəfər azərbaycanlı yaşamışdır (415, s. 45, 96-97). 1850-ci ildə Qarsdan ermənilər, 1877-1878-ci il rus-türk müharibəsi zamanı Türkiyədən kürdlər köçürülərək bu kənddə yerləşdirilmişdir (427, s. 367). 1918-ci ilin yazında azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayır. Toponim "çoban" türk etnoniminə (ASE, X с., B., 1987, s. 369; 286, s. 41) "təpə" mənasında işlənən "mar" sözünün (237, s. 473) fonetik variantı olan "maz"ın qoşulması nəticəsində əmələ gəlmişdir. Türk dillərində, o cümlədən Azərbaycan dilində söz sonunda r~z səsəvəzlənməsi (gör~göz, yor (maq)-yoz (maq) qanunauyğun haldır (2, s. 234- 248; 70, s. 116-122). Deyilənlərdən bir daha bu qənaətə gəlirik ki, "mar" və "maz" eyni mənalı sözlərdir. Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Avşen" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 26).
Coğrafi koordinatları: 40°43' şm. e., 44°17' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/