Arbat - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Zəngibasar (Masis) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 27 km şimal-qərbdə, Zəngi çayından axan Şiraabad arxının yanında, dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşir. Zəngibasar rayonu yaradılanadək, 1969-cu ilə kimi keçmiş Vağarşabad rayonunun tərkibində olmuşdur. "İrəvan əyalətinin icmal dəftərində Arebat kimi (143, s. 77), Qafqazın 5 verstlik xəritəsində Arbat formasında (348, s. 18) qeyd edilmişdir. "İrəvan əyalətinin icmal dəftərində kəndin adı Qırxbulaq nahiyəsinin tərkibində olan Arebat şəklində göstərilir. İbrahim Əhməd oğlunun adına olan zəhmətin gəliri: 20000 ağça qeyd edilir (143, s. 77). Kənddə 1831-ci ildə 391, 1897-ci ildə 671, 1914-cü ildə 1160 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 80-81, 150-151). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuş və kəndə Türkiyədən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. Ermənilərlə yanaşı, burada 1922-ci ildə 263, 1926-cı ildə 341, 1931-ci ildə 263 nəfər azərbaycanlı yaşamışdır (415, s. 81, 151). SSRİ Nazirlər Sovetinin Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, azərbaycanlılar 1948-1950-ci illərdə zorla Azərbaycana köçürülmüşdür. Toponim qədim türk dilində "yulğun" bitki adı mənasında işlənən "arubat" sözündən (299, s. 58) əmələ gəlmişdir. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 29).
Coğrafi koordinatları: 40°08' şm. e., 44°23' ş. u.
Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 16 km şimal-qərbdə, Zəngi çayının sağ tərəfində kənd.
1918-ci ilə qədər (1828-ci ildən sonrakı qısa bir dövr istisna olmaqla) kənddə ancaq Azərbaycan türkləri, 1922-1988-ci illərdə isə azərbaycanlılarla ermənilər yanaşı yaşamışlar.
1832-ci ildə kənddə 50 təsərrüfatda 264 nəfər (139 kişi, 125 qadın) azərbaycanlı, 31 təsərrüfatda 127 nəfər (61 kişi, 66 qadın) İrandan gəlmə erməni qeydə alınmışdır. 1873-cü ilin statistikasında kənddə ancaq azərbaycanlıların qeydə alınması - 74 təsərrüfatda 527 nəfər (280 kişi, 247 qadın) - söyləməyə əsas verir ki, gəlmə ermənilər sonrakı illərdə kəndi tərk edib, erməni qaçqınlarının çoxluq təşkil etdiyi kəndlərə köçüb getmişlər.
1886-cı il siyahıyaalması zamanı da kənddə ancaq Azərbaycan türkləri qeydə alınmışlar: 88 təsərrüfatda 538 nəfər (314 kişi, 224 qadın).
Kənddə 1897-ci ildə 671 nəfər, 1905-ci ildə 754 nəfər, 1914-cü ildə 780 nəfər azərbaycanlı əhali yaşamışdır.
1918-1919-cu illərdə Arbat kəndi erməni vəhşilərinin hücumuna məruz qalmış, talan edilmiş, dağıdılmış, yandırılmış, əhalisinin bir hisəsi qətlə yetirilmiş, sağ qalanlar isə Arazın o tayına - Türkiyəyə pənah aparmışlar.
1922-ci ildə kəndin qaçqın əhalisinin az bir hissəsi doğma yurduna qayıda bilmiş, lakin qayıdıb kənddə erməni daşnakları tərəfindən yerləşdirilmiş Türkiyədən gəlmə ermənilərlə qarşılaşmışlar. O vaxtdan da kənd azərbaycanlılarla ermənilərin yanaşı yaşadığı qarışıq kəndə çevrilmişdir. Lakin üstünlük yenə də yerli əhalidə - azərbaycanlılarda olmuşdur. Belə ki, 1922-ci ildə kənddə 263 nəfər azərbaycanlı, 138 nəfər erməni, 1926- cı ildə 341 nəfər azərbaycanlı, 214 nəfər erməni, 1931-ci ildə 356 nəfər azərbaycanlı, 263 nəfər erməni siyahıya alınmışdır.
1949-cu illərin məlum deportasiyası zamanı isə kəndin bütün azərbaycanlı əhalisi zorla Azərbaycana köçürülmüşdür. Sonralar tək-tək ailələr geri qayıdıb kənddə yaşasalar da, 1988-ci il soyqırımı zamanı onlar da kənddən qovulmuş və bu qədim Azərbaycan kəndi tamamilə erməniləşdirilmişdir.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/