Qaranlıq - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Qaranlıq (Martuni) rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 37 km cənub-şərqdə, dəniz səviyyəsindən 2060 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 118). Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Türkmənçay müqaviləsinə (1828) əsasən, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhali kəndi tədricən tərk etmişdir. Toponim "dağ, təpə" mənasında işlənən "qara" sözünə (339, s. 256) məkan anlayışı bildirən "lıq" şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 5 iyul 1968-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Qeğhovit" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 53).
Coğrafi koordinatları: 40°06' şm. e., 45°17' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/