Horbadığ - İrəvan quberniyasının Şərur- Dərələyəz qəzasında, keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, indi Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Yeğeqnadzor (Keşişkənd) şəhərindən 20 km şimalda, Erdəpin kəndinin yaxınlığında, dəniz səviyyəsindən 1880 m hündürlükdə yerləşir. Kəndin adı erməni müəlliflərinin əsərlərində "Xorvadeğ" formasında da qeyd edilmişdir. (415, s. 92). Kənddə 1831-ci ildə 35, 1873-cü ildə 263, 1886-cı ildə 342, 1897-ci ildə 406, 1904-cü ildə 592, 1914-cü ildə 651, 1916-cı ildə 503 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 92-93, 160-161). 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış, kəndin köklü sakinləri olan azərbaycanlılar deportasiya olunmuş, buraya xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. Sağ qalanlar indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra öz yurdlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 38, 1926-cı ildə 65, 1931-ci ildə 100 nəfər azərbaycanlı yaşamışdır (415, s. 92-93, 160-161). SSRİ Nazirlər Sovetinin Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, kəndin əhalisi zorla Azərbaycana köçürülmüşdür. Hazırda orada ermənilər yaşayır. Kəndin adı türk dilində "çuxur, xəndək, yarğan" mənalarında işlənən "or" sözü ilə (365, s. 466-467) fars dilində "kənd, qışlaq" mənasında işlənən "değ" (dex) sözünün (339, s. 177; 104, s. 139) birləşməsindən əmələ gəlmişdir. Türk dilində "yarğan, çuxur, xəndək" mənasında işlənən "or" (hor) sözü erməni dilində "xor, xorf" formalarında işlənir (339, s. 596). Toponimin əvvəlindəki "h" samiti əlavə edilmiş səsdir. "Or" (hor) və "değ" sözlərinin arasındakı "ba" isə bitişdiricidir. Hazırda erməni dilində rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı "Horbateğ" kimi yazılır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 124).
Coğrafi koordinatları: 39°53' şm. e., 45°20' ş. u
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/