Böyük Zeyvə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Üçkilsə (Vağarşabad) rayonunda, indi Armavir vilayətində kənd. Eçmiədzindən 5,5 km cənub-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 97). Kəndin aborigen sakinləri azərbaycanlılar olmuşdur. Türkmənçay müqaviləsindən sonra - 1828-1829-cu illərdə kəndə İranın Salmas və Xoy vilayətlərindən və 1915—1916-cı illərdə Türkiyənin Ələşkirt vilayətindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir (427, s. 320). Burada ermənilərlə yanaşı, 1897-ci ildə 29 nəfər azərbaycanlı yaşamışdır (415, s. 82-83). Azərbaycanlılar XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə erməni silahlı birləşmələri tərəfindən sıxışdırılıb tarixi-etnik torpaqlarından qovulmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən "böyük" sözü ilə ərəb dilində "guşə, künc, bucaq" mənasında işlənən zaviyə sözünün (104, s. 207) birləşməsindən əmələ gəlmişdir. Bu söz (zaviyə) islamiyyətlə əlaqədar olub, fars dilindəki "xanəgah" sözü ilə sinonimdir və "bir şeyx və ya mürşidin rəyasəti altında olan dərvişlərin yaşadıqları və ibadət etdikləri yer" anlamını verir. Səfəvilərin hakimiyyəti dövründə imtiyazlı zümrələr içərisində feodallardan sonra ikinci yeri ruhanilər tuturdu. Ruhanilərə hər vilayətdə şeyxülislamlar, vaizlər və nəhayət, dərviş mali- kanələrindəki (xanəgah və zaviyələrdəki) şeyxlər daxil idi. Ömürlərini ibadətlə keçirən ruhanilər, tərki-dünyalar üçün bir küncdə, bucaqda, camaatdan kənarda tikilən evlər zaviyə adlanırdı və son ralar həmin yer yaşayış məntəqələrinə çevrilmişdi (93, s. 54). Deməli, Zeyvə kəndlərinin adı "zaviyə" sözü əsasında formalaşmışdır. Digər tərəfdən bu bir daha göstərir ki, həmin ərazi Səfəvilərin hakimiyyəti altında olmuşdur. Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Arataşen" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 24).
Coğrafi koordinatları: 40°07' şm. e., 44°13' ş. u.
.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/