Canfəda (Canfida) - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, indi Armavir vilayətində kənd. Vilayət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 13 km cənubda, Araz çayının sol sahilində, dəniz səviyyəsindən 865 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "Canfəda" kimi (143, s. 47), Qafqazın 5 verstlik xəritəsində "Canfida" formasında (348, s. 81) qeyd edilmişdir. XVIII əsrə aid mənbədə göstərilir ki, kənddə oğuzların reyhanlı tayfası (238, s. 187) yaşamışdır (143, s. 47). Kənddə 1831-ci ildə 283, 1873-cü ildə 999, 1886-cı ildə 1165, 1897-ci ildə 1071, 1908-ci ildə 1172, 1914-cü ildə 1244, 1916-cı ildə 1384 (415, s. 64-65, 140- 141), 1918-ci ildə 1318 (309, s. 221), 1919-cu ildə 1815 nəfər (415, s. 140-141) yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin sonlarında kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmışdır. Kənd sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur. Kənddə Türkiyənin Ələşkirt, Sasun, Muş, Malazgird vilayətlərindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir (85, s. 120; 416, s. 168). Hazırda kənddə yalnız ermənilər yaşayır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 168).
Coğrafi koordinatları: 40°02' şm. e., 44°01' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/