Vedibasar mahalının Cığındərə bölgəsində, Vedi rayonun mərkəzi olan Böyük Vedi qəsəbəsindən 9 km şərqdə, Vedi çayının kənarında, Aşağı Qarabağlar kəndi yanında kənd.
1920-ci ilədək kənddə ancaq Azərbaycan türkləri yaşamışlar. 1922- 1988-ci illərdə azərbaycanlılarla ermənilərin yanaşı yaşadığı qarışıq kənd olmuş, kənddə qismən müsəlman kürdləri də yaşamışlar.
1870-ci illərin sonu - 1880-ci illərin əvvəllərində Aşağı Qarabağlar kəndindən çıxan ailələr tərəfindən salınmışdır. Çimənkənd kəndində Aşağı Qarabağlar kəndi ilə bir yerdə 1886-ci ildə 85 ailədə 853 nəfər (461 kişi, 392 qadın), 1914-cü ildə isə 1879 nəfər azərbaycanlı yaşamışdır.
1918-1920-ci illərdə Vedibasar azadlıq ordusunun ən aparıcı bölüklərindən biri də Çimənkənddə yerləşirdi. Ona Vedibasar Milli Komitəsinin 11 nəfər üzvündən biri olan Sultan xan Mərəndi rəhbərlik edirdi.
1920-ci ildə Vedibasar erməni daşnakları tərəfindən işğal edildikdən sonra Çimənkənd kəndlərinin camaatı da Cənubi Azərbaycana pənah aparmış, yalnız bölgədə Sovet hakimiyyəti qurulduqdan sonra onlar doğma yurdlarına qayıda bilmiş və əksəriyyəti Çimənkənd ərazisində məskunlaşmağa üstünlük vermişlər.
1922-ci ildə artıq geri qayıdan çimənkəndlilərin sayı 880 nəfər idi. Lakin camaatın etirazına baxmayaraq, erməni hökuməti həmin il Çimən- kəndə xaricdən gəlmiş 210 nəfər erməni mühaciri də yerləşdirmişdi.
1926-cı ildə kənddə azərbaycanlıların sayı 690 nəfər, ermənilərin sayı 141 nəfər, 1931-ci ildə azərbaycanlılar 663 nəfər, ermənilər 178 nəfər olmuşlar. 1931-ci ildə kənddə 34 nəfər müsəlman kürdü də yaşamışdır.
1937-ci ildə Vedi rayonunun iki inzibati rayona ayrılması və rayonun dağlıq hissəsində Çimənkənd mərkəz olmaqla Qarabağlar rayonunun yaradılması Çimənkəndin sürətlə inkişafına imkan yaratmışdır. Artıq 1939-cu ildə kənddə azərbaycanlı əhalinin sayı 4.600 nəfərə çatmışdır.
1948-1953-cü illər deportasiyası zamanı Qarabağlar rayonunun başqa kəndləri kimi Çimənkəndin də bütün azərbaycanlı əhalisi zorla Azərbaycana köçürülmüşlər. Onların az bir hissəsi sonralar geri qayıtmışlar.
1978-ci il yanvarın 25-də Ermənistan hökumətinin qərarı ilə Çimənkənd kəndinin adı dəyişdirilərək Urtsadzor qoyulmuş,
Qərbi azərbaycanlıların 1988-ci il soyqırımı zamanı kənddə hələ də yaşamaqda davam edən bütün azərbaycanlı əhali (15 ailədə 60 nəfər azərbaycanlı, 15 ailədə 75 nəfər müsəlman kürdü) öz doğma kəndlərindən vəhşicəsinə qovulmuşdur.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/