1990-cı ildə rayon kimi təşkil olunmuşdur. Türkiyə, İran və Ermənistanla həmsərhəddir. Sahəsi 153,49 km2-dir. Mərkəzi Heydərabad qəsəbəsidir. Ərazidə gil, mərmərləşmiş əhəngdaşı, mineral su yataqları var. Quru kontinental iqlimə malikdir. Yayı isti, qışı soyuq olur. Ərazisindən Qaraçay, Çapan çayı və Araz çayı axır. Ərazidə, əsasən, boz torpaqlar yayılmışdır. Sədərək düzünün Arazyanı hissəsində yeraltı sular səthə yaxın olduğundan çəmən-ot bitkiləri yaxşı inkişaf etmişdir. Araz çayı üzərində Türkiyə ilə Azərbaycanı birləşdirən Sədərək-Dilucu körpüsü ("Ümid körpüsü") tikilmişdir. "Bulaqbaşı" kəhrizi əsaslı şəkildə təmir olunmuş, 15 bulaq-abidə tikilib istifadəyə verilmişdir. Rayon iqtisadiyyatının əsasını üzümçülük, taxılçılıq və heyvandarlıq təşkil edir. Rayonda sənaye müəssisələrindən 2 şərab emalı zavodu, Naxçıvan Tikiş Fabrikinin filialı var.