Kolagirən - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Aşağı Qaranlıq (Martuni) rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 50 km cənub-şərqdə, Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 1950 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində kəndin adı "Kolaqran", "Aşağı Kolagirən", "Kolanı qırılan" formalarında (415, s. 66), Qafqazın 5 verstlik xəritəsində "Kyolanı qran" formasında (348, s. 128) qeyd edilmişdir. Ermənilər kəndə 1828-1830-cu illərdə Türkiyədən köçürülmüşlər (386, s. 595- 598). Kənddə 1897-ci ildə ermənilərlə yanaşı, 88 nəfər azərbaycanlı yaşamışdır (415, s. 66-67). 1905-1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində azərbaycanlılar kənddən qovulmuşlar. Hazırda kənddə ermənilər yaşayır. Toponim "kolagirən" türk etnonimi (406, s. 216) əsasında formalaşmışdır. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Tsovinar" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 104).
Coğrafi koordinatları: 40°09' şm. e., 45°27' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/