Ələyəz - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, indi Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Yeğeqnadzor (Keşişkənd) şəhərindən 19 km şimal-şərqdə, Alagöz çayının yanında, Alagöz çayının sağ qolu olan Yoğun çayının sahilində, dəniz səviyyəsindən 1580 m hündürlükdə yerləşir. Kəndin adı 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə "Ələyəz" (143, s. 58), Qafqazın 5 verstlik xəritəsində "Alagöz" (348, s. 10), «Сборник сведений о Кавказе» toplusunda "Alagöz" və "Alayaz" (364, №770) formalarında qeyd edilmişdir. Erməni müəlliflərinin əsərlərində "Alayaz" (415, s. 160), "Alagəz", "Alagöz" (427, s. 62) kimi yazılır. Kəndin ilkin və əsl adı Alagözdür. Burada azərbaycanlılarla bağlı XI—XIII əsrlərə aid tarixi abidələr vardır (427, s. 62). Kəndin adı V əsrdən xatırlanır (422, s. 57). Kənddə 1831-ci ildə 32, 1873-cü ildə 223, 1886-cı ildə 356, 1897-ci ildə 412, 1904-cü ildə 524, 1914-cü ildə 576, 1916-cı ildə 322, 1919-cu ildə 97 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 90-91, 160-161). 1918— 1919-cu illərdə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kəndə ermənilər yerləşdirilmişdir. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri doğma evlərinə dönmüşdür. Burada 1922-ci ildə 180 nəfər azərbaycanlı, 91 erməni, 1926-cı ildə 267, 1931-ci ildə 353 (415, s. 91, 161), 1959-cu ildə 499, 1970-ci ildə 884, 1979-cu ildə 963 nəfər (85, s. 359) azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim alagöz türk etnonimi (271, s. 204; 407, s. 120) əsasında əmələ gəlmişdir. Kənd 3 aprel 1991-ci ildən "Yeğeqis" adlanır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 71).
Coğrafi koordinatları: 39°51' şm. e., 45°2T ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/