Böyük Camışlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Araqats (Alagöz) rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 44 km şimal-qərbdə, Abaran çayının sahilində, dəniz səviyyəsindən 2050 m hündürlükdə yerləşir. 1972-ci ilə kimi keçmiş Abaran rayonunun tərkibində olmuş, 15 mart 1972-ci ildə Araqats (Alagöz) rayonu yaradıldıqdan sonra onun tərkibinə daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 80). Kənddə əvvəllər azərbaycanlılar yaşamışlar. 1877-1878-ci illər rus-türk müharibəsindən sonra Türkiyədən köçürülüb gətirilən yezidi kürdlər kənddə məskunlaşmışdır. Bundan sonra azərbaycanlılar kəndi tədricən tərk etmişlər. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən "böyük" sözü ilə "camışlı" türk tayfa adı (142, s. 29) əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 4 yanvar 1938-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Alaqyaz" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 9).
Coğrafi koordinatları: 40°40' şm. e., 44°17' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/