Hacı Qara (Hacıqara) - İrəvan quberniyasının Eçmiəd- zin qəzasında, keçmiş Üçkilsə (Vağarşabad) rayonunda, indi Armavir vilayətində kənd. Vilayət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 32 km şimal-şərqdə, Abaran çayının sahilində, dəniz səviyyəsindən 950 m hündürlükdə yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə "Hacı Qaralı" kimi (143, s. 162), Qafqazın 5 verstlik xəritəsində "Hacı Qara" formasında (348, s. 54) qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Ermənilər buraya Türkmənçay müqaviləsindən sonra - 1829-cu ildə İranın Xoy vilayətindən köçürülmüşdür (427, s. 228). Burada ermənilərlə yanaşı, 1831 -ci ildə 27, 1897-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır (415, s. 82-83, 152-153). Azərbaycanlılar XX əsrin əvvəllərindən erməni silahlı birləşmələri tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayır. Toponim "Qara Hacılı" türk etnonimi (238, s. 16) əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Aygeşad" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 19).
Coğrafi koordinatları: 40°14' şm. e., 44°17' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/