Çaxırlı - İrəvan quberniyasının NovoBəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 76 km cənub-şərqdə, Göyçə gölünün cənub-şərq sahilində, dəniz səviyyəsindən 1950 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 281). Kənddə 1831-ci ildə 212, 1873-cü ildə 770, 1886-cı ildə 1020, 1897-ci ildə 1204, 1908-ci ildə 1349, 1914-cü ildə 1653, 1916-cı ildə 1501, 1919-cu ildə 85 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 26-27, 112- 113). 1918-ci ilin yazında azərbaycanlılar erməni silahlılarının təcavüzünə məruz qalaraq yaşayış yerlərini tərk etmişlər. 1919-cu ilin sentyabr-oktyabr aylarında kənddə yaşayan azərbaycanlılar son nəfərinə qədər ata-baba torpaqlarından deportasiya olunmuşdur. 1915-1918-ci illərdə Türkiyənin Muş, Van və Ərzurum vilayətlərindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir (416, s. 95). Kəndi tərk edən azərbaycanlılardan sağ qalanları indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra öz doğma torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 679, 1926-cı ildə 763, 1931-ci ildə 975 (415, s. 26-27, 112-113), 1987-ci ildə 1500 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kənddə yaşayan azərbaycanlılar Ermənistan dövlətinin yeritdiyi siyasət nəticəsində tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda orada yalnız ermənilər yaşayır. Toponim "çaxırlı" türk etnonimi (272, s. 22) əsasında əmələ gəlmişdir. F.Sümər qaraqoyunlu türk tayfasının da əsas boylarından birinin çəkürlü olduğunu göstərir (238, s. 158). Deməli, Çaxırlı toponimi "çaxırlı/ çəkürlü" etnonimi əsasında əmələ gəlmişdir və çaxırlı "çakırlı/çəkürlü" etnoniminin fonetik formasıdır. Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Sovetakert", Erm. SSR AS RH-nin 3 aprel 1991-ci il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Xaçaxbyur" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 95). Coğrafi koordinatları: 40°10' şm. e., 45°41' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/