Korbulaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Qızılqoç (Qukasyan) rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 44 km şimalda, dəniz səviyyəsindən 2075 m hündürlükdə yerləşir. Ədirnə müqaviləsinə (1829) əsasən, ermənilər kəndə köçürülüb məskunlaşdırılandan sonra azərbaycanlılar Türkiyəyə köç etmişdir. Erməni müəlliflərinin əsərlərində kəndin adı "Korağ-byur" (Korbulaq) formasında işlənmişdir (415, s. 20). Toponim Azərbaycan dilində "çıxış yolu olmayan", "gözü olmayan (bulaq), yarıda quruyan" mənasında işlənən "kor" sözü ilə "bulaq" sözünün birləşməsindən əmələ gəlmişdir. Kəndin adı ərazidəki eyniadlı bulağın adından götürülmüşdür. Hidrotoponimdir. Erm. SSR AS RH- nin 12 noyabr 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Saxkaşen", 21 oktyabr 1967-ci il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Sizavet" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 180).
Coğrafi koordinatları: 4Г06' şm. e., 43°50' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/