Almalı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, keçmiş Paşalı (Vayk) rayonunda, indi Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Yeğeqnadzor (Keşişkənd) şəhərindən 45 km cənub-şərqdə, dəniz səviyyəsindən 1600 m hündürlükdə yerləşir. Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 6, 1897-ci ildə 14, 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır (415, s. 88-89, 158). Hazırda kənddə ermənilər yaşayır. Almalı adlı toponimlərə indiki Ermənistanın Sünik, Vayotsdzor, Geğarkunik vilayətləri (keçmiş Keşişkənd (Yeğeqnadzor), Kəvər (Kamo), Paşalı (Vayk) və Qafan rayonlarında) ilə yanaşı, Azərbaycanda, Türkiyədə geniş şəkildə rast gəlmək olur (427, s. 96-97). Almalı toponimlərinin meyvə adı ilə bağlılığı yoxdur. Bu, türk etnonimidir. Hələb türkmənlərinin tayfa birliyinə daxil olan tayfalardan biri "almalı" adlanır (407, s. 90). Kəndin adı "almalı" etnonimi əsasında yaranmışdır. Erm. SSR AS RH-nin 12 noyabr 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Xndzorud" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 97).
Coğrafi koordinatları: 39°33' şm. e., 45°24' ş. u
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/