Böyük Qaraqoyunlu - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 86 km cənub-şərqdə, Zod kəndinə gedən yolun sağ tərəfindən, dəniz səviyyəsindən 2100 m hündürlükdə yerləşir. Kəndin bir adı da Yellicə olmuşdur (427, s. 46). Qafqazın 5 verstlik xəritəsində "Yellicə Qaraqoyunlu" kimi qeydə alınmışdır (348, s. 92). Kənddə 1831 -ci ildə 379, 1873-cü ildə 408, 1886-cı ildə 591, 1897-ci ildə 447, 1908-ci ildə 505, 1914-cü ildə 655, 1916-cı ildə 516 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 26-27, 110-111). 1919-cu ildə kəndin sakinləri erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kəndi tərk etmişlər. Sağ qalan azərbaycanlılar indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra öz kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 392, 1926-cı ildə 374, 1931-ci ildə 488 (415, s. 27, 111), 1939-cu ildə 562, 1959-cu ildə 746, 1970-ci ildə 1130, 1979-cu ildə 1407 (427, s. 46) nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşdur. Hazırda kənddə ermənilər yaşayır. Toponim qaraqoyunlu türk etnonimi əsasında əmələ gəlmişdir. "Böyük" fərqləndirici əlamət bildirən sözdür. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Əzizli", Erm. SSR AS RH-nin 3 aprel 1991 -ci il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Norabak" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 150).
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/