Hors - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, indi Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Yeğeqnadzor (Keşişkənd) şəhərindən 24 km şimal-qərbdə, Hors dərəsindən axan çayın yanında, dəniz səviyyəsindən 1660 m hündürlükdə yerləşir. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə "Xors" kimi qeyd edilmişdir (143, s. 59). Kənddə 1831-ci ildə 26, 1873-cü ildə 649, 1886-cı ildə 904, 1897-ci ildə 1136, 1904-cü ildə 971, 1914-cü ildə 958, 1916-cı ildə 1337,1919-cu ildə 664 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 92-93, 160-161). Kənd sakinləri olan azərbaycanlılar 1919-cu ilin sonlarında erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq tamamilə qovulmuşlar. Burada İrandan köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. Kənd sakinlərindən sağ qalan azərbaycanlılar indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra öz doğma yurdlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 192, 1926-cı ildə 172, 1931-ci ildə 234 nəfər azərbaycanlı yaşamışdır (415, s. 92-93, 160-161). 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşdur. Hazırda kənddə ermənilər yaşayır. Bu qədim azərbaycanlı kəndində XII-XIV əsrlərə aid çoxlu tarixi abidələr, Alban kilsəsinin qalıqları, oğuz qəbiristanlığı, qədim Oral Malux və Quşxana kəndlərinin binalarının qalıqları (XIII-XIV əsrlər) vardır (422, s. 71). Toponim "xors" (hors) türk etnonimi (168, s. 103; 211, s. 189) əsasında əmələ gəlmişdir. Azərbaycan dilində q~x~h səs əvəzlənməsi qanunauyğun haldır (216, s. 20, 117). "Xors" (hors) etnonimi "qors", "xoros", "xurs" formalarında da qeyd edilir (168, s. 10-11; 287, s. 129-132). "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 124).
Coğrafi koordinatları: 39°51' şm. e., 45°13' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/