İnəkli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Əştərək rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 12 km şimal-qərbdə, Abaran çayının sağ axarında, dəniz səviyyəsindən 1650 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "İnəkli məzrəsi" formasında (143, s. 88), Qafqazın 5 verstlik xəritəsində "İnəkli" şəklində (348, s. 102) qeyd edilmişdir. Erməni müəlliflərinin əsərlərində kəndin adı "Enakli", "İnoğlu" kimi də göstərilir (427, s. 284). 1828-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. 1828- 1830-cu illərdə azərbaycanlılar deportasiya olunmuş və bura İranın Xoy, Səlmas vilayətlərindən, Türkiyənin Van vilayətindən ermənilər köçürülərək yerləşdirilmişdir (427, s. 284). Toponim oğuz tayfalarından olan "inək" etnoniminə (321, s. 57) mənsubluq bildirən "-Iİ" şəkilçisinin artırılması ilə düzəlmişdir və "inək tayfasına mənsub yaşayış yeri" mənasını verir. Əski türkcə "inək" (inak) sözü "inanılmış", "istəkli, sevimli" mənalarını ifadə edir. Xivə, Buxara şivəsində "atalıq" mənasında işlənən "inək" əvvəllər "tayfa başçısı", "xanın gizli məsləhətçisi", "əyalətin və ya şəhərin baş rəisi" mənalarını bildirmişdir (321, s. 99). Etnotoponimdir. Erm. SSR AS RH-nin 1 dekabr 1948-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "An- tarut" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 22).
Coğrafi koordinatları: 40°21' şm. e., 44°16' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/