Həbilkənd (Bulaqlı) - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Zəngibasar (Masis) rayonunda, indi Ararat vilayətində kənd. Zəngibasar (Masis) yaşayış məntəqəsindən 8 km cənubda yerləşir. 1969-cu ilə kimi, keçmiş Zəngibasar (Masis) rayonu təşkil edilənədək keçmiş Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Kənddə 1831-ci ildə 85, 1873-cü ildə 183, 1886-cı ildə 222, 1897-ci ildə 234, 1908-ci ildə 256, 1914-cü ildə 376, 1916-cı ildə 228 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 48-49, 128-129). 1918-ci ildə azərbaycanlılar erməni silahlı dəstələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuş, sağ qalan kənd sakinləri yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra 1922-1925-ci illərdə öz yurdlarına qayıda bilmişdir. Burada 1926-cı ildə 36, 1931-ci ildə 75 nəfər azərbaycanlı yaşamışdır (145, s. 48-49, 128-129). SSRİ Nazirlər Sovetinin Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, azərbaycanlılar 1948-1949-cu illərdə zorla Azərbaycana köçürülmüşdür. 1950-ci illərdə onların bir hissəsi yenidən öz kəndlərinə qayıtmışdır. Kənddə bir neçə müsəlman kürd ailəsi də məskunlaşmışdı. 1988-ci ilin noyabr ayında Ermənistan dövləti bir daha onları zorla doğma yurdlarından deportasiya etmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim kəndin salındığı ərazidə bulaqların mövcud olması ilə bağlıdır. "Bulaqlı yer" mənasını ifadə edir. Kəndin adı 1920-ci illərdə dəyişdirilərək "Həbilkənd" adlandırılmışdır. Sonra kənd yeni yaradılan Kalinin qəsəbəsinə birləşdirilmişdir. Erm. SSR AS RH-nin 3 aprel 1991 -ci il tarixli qərarı ilə qəsəbənin adı dəyişdirilərək "Noramarq" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 149).
Coğrafi koordinatları: 40°01' şm. e., 44°25' ş. u.
Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 8 km cənubda, Zəngi çayı ilə Böyük Qarasu çayı arasında, hər iki çayın Araza töküldüyü yerin yaxınlığında, Zəngi çayının sağ sahilində kənd.
Kənddə ancaq Azərbaycan türkləri yaşamışlar.
1832-ci ildə kənddə 17 təsərrüfatda 85 nəfər (50 kişi, 35 qadın), 1873-cü ildə 25 təsərrüfatda 183 nəfər (109 kişi, 74 qadın), 1886-cı ildə 35 təsərrüfatda 222 nəfər (129 kişi, 93 qadın), 1897-ci ildə kənddə 234 nəfər, 1905-ci ildə 256 nəfər, 1914-cü ildə 376 nəfər azərbaycanlı yaşamışdır.
1918-ci ilin əvvəllərində kənd erməni daşnaklarının hərbi hücumuna məruz qalmış, dağıdılmış, talanmış, əhalisinin bir hissəsi vəhşicəsinə qətlə yetirilmişdir. Sağ qalanlar baş götürüb Cənubi Azərbaycana və Türkiyəyə pənah aparmışlar.
1926-cı ilə qədər kənd xaraba qalmışdır. Yalnız həmin il kəndin keçmiş sakinlərindən 36 nəfər öz doğma kəndlərinə qayıda bilmiş, təzədən ev-eşik tikib yaşamağa başlamışlar.
1931-ci ildə kənddə 75 nəfər qeydə alınmışdır. Sonralar kənd sürətlə inkişaf etmiş, kənddə müxtəlif sosial və inzibati binalar tikilib istifadəyə verilmiş, əhalisi xeyli artmışdır. 1948-ci il üçün artıq burada 34 təsərrüfatda 256 nəfər azərbaycanlı yaşayırdı.
Lakin 1948-1949-cu illərdə Zəngibasarın digər kəndləri ilə birgə həbilkəndlilər də Azərbaycana deportasiya olunmuşlar. Az sonra kənd camaatının bir hissəsi geri qayıtmış, 1950-ci illərdə Həbilkəndin bazasında və artıq rəsmi olaraq ləğv edilmiş qonşu Qulucan, Reyhanlı, Sarıcalar və Seyidkənd kəndlərinin ərazisində Kalinin adına sovxoz-qəsəbə yaradılmış, kəndin Həbilkənd adı Kalinin adı ilə əvəz edilmişdir.
1988-ci ildə kəndin azərbaycanlı əhalisi növbəti dəfə soyqırımına məruz qalmış, bütün var-dövlətləri əvəzi ödənilmədən əllərindən alınaraq Azərbaycana qovulmuşlar. 1991-ci il aprelin 19-da kəndin Kalinin adı da dəyişdirilərək Noramarq qoyulmuşdur.
Həbilkənd Zəngibasar mahalının qədim kəndlərindən idi. Uluxanlı- dan cənubda yerləşir, ərazisi qərbdən şərqə Ağrıdağın şimal ətəyindən Araz çayının sol sahilində Qarasu çayına qədər uzanırdı. Zəngi və Qarasu çayının Araza töküldüyü sahələr bu kəndin torpaqları hesab olunurdu. Zəngi çayının sağ sahilində Ağadədə adlanan qədim ziyarətgah yerləşirdi. Ziyarətgahın ərazisində qədim Türk-Oğuz mədəniyyətinin izlərini yaşadan tarixi abidələr vardı.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/