İlanlı (Çaybasar) - Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, keçmiş Amasiya rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 33 km şimal-şərqdə, Arpaçayın sağ sahilində, dəniz səviyyəsindən 1990 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 130), Qafqazın 5 verstlik xəritəsində (348, s. 101) qeyd edilmişdir. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni müəlliflərinin əsərlərində kəndin sakinləri kimi qarapapaqlar göstərilir (415, s. 20). Amasiya rayonunda yaşayan qarapapaqlar Azərbaycan türklərinə bağlı bir tayfadır (ASE, III с., B., 1979, s. 64). Kənddə 1886-cı ildə 137, 1897-ci ildə 206, 1908-ci ildə 240, 1914-cü ildə 276 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 20-21, 104-105; 416, s. 28). 1918-ci ilin may ayında Andrani- kin komandanlığı ilə erməni silahlı dəstələri Təzəkənd kəndində soyqırımı törətmişdir. Qırğınlardan bir neçə nəfər qaçıb canını qurtara bilmişdir (7, s. 75). Kənd 1918-1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci ilin fevralında erməni silahlı dəstələrinin hücumu nəticəsində dağıdılmış, əhalisinin bir qismi Qars vilayətinə, bir qismi də İranın Gümrüdəki konsulluğu vasitəsilə Urmiya və Səlmas əyalətlərinə köç etmişdir. 1921-ci il Qars müqaviləsi ilə kənd Ağbaba nahiyəsinin tərkibində sovet Ermənistanına daxil edilmişdir. Bundan sonra kəndin əhalisinin bir qismi kəndə qayıtmışdır. Hazırda kənddə əsasən Gürcüstanın Axılkələkvə Boqdanovka (Ninosminda) rayonlarından köçüb gələn ermənilər məskunlaşmışlar. Burada 1922-ci ildə 146, 1926-cı ildə 160, 1931-ci ildə 201, 1939-cu ildə 261, 1959-cu ildə 283, 1970-ci ildə 507, 1979-cu ildə 547 (415, s. 21, 105; 416, s. 28), 1987-ci ildə 505 nəfər (35, s. 171) azərbaycanlı yaşamışdır. 1988-ci ilin axırlarında və 1989-cu ilin əvvəllərində azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilmişlər. Hazırda orada ermənilər yaşayır. Toponim "ilanlı" etnonimi (92, s. 15) əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 26 aprel 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Çaybasar", 3 aprel 1991-ci il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Aravet" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 28).
Coğrafi koordinatları: 41°02' şm. e., 43°46' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/