Dəvəli kəndi - Vedibasar mahalının aran hissəsində, Ağrıdağ vadisində, Vedi rayonunun mərkəzi olan Böyük Vedi qəsəbəsindən 14 km cənub-qərbdə, İrəvan şəhərindən 48 km aralıda, İrəvan-Naxçıvan-Bakı dəmiryol xəttinin və İrəvan-Naxçıvan avtomobil yolunun üstündə kənd.
1828-ci ilə qədər kənddə ancaq azərbaycanlılar yaşamış, həmin ildən 1988-ci ilə qədər azərbaycanlıların, müsəlman kürdlərinin və ermənilərin yanaşı yaşadığı qarışıq kənd olmuşdur.
1826-1829-cu illər Rusiya-İran və Rusiya-Osmanlı müharibələri zamanı böyük dağıntılara məruz qalan Dəvəli kəndində 1832-ci ildə cəmi 2 təsərrüfatda 28 nəfər (11 kişi, 17 qadın) Azərbaycan türkü qeydə alınmışdır. Kəndin qalan əhalisinin isə 1828-1829-cu illərdə İranın Maku və Salmas qəzalarından köçüb gələn ermənilər (639 nəfərdən ibarət 101 ailə) olduğu və onların kənddəki boşalmış müsəlman evlərində yerləşdirildiyi də həmin mənbədə göstərilmişdir.
1873-cü ildə Dəvəli kəndində 19 təsərrüfatda 207 nəfər (113 kişi, 94 qadın) Azərbaycan türkü, 24 təsərrüfatda 209 nəfər (113 kişi, 96 qadın) müsəlman kürdü, 217 təsərrüfatda 1760 nəfər (917 kişi, 843 qadın) erməni yaşamışdır.
1886-cı ildə Dəvəlinin azərbaycanlı, kürd və erməni əhalisinin birgə sayı 355 təsərrüfatda 2.525 nəfər (1.319 kişi, 1206 qadın) olmuş, onun 35 təsərrüfatda 263 nəfərini (140 kişi, 123 qadın) Azərbaycan türkləri, 29 təsərrüfatda 287 nəfərini (143 kişi, 144 qadın) kürdlər, 291 təsərrüfatda 2.075 nəfərini (1.036 kişi, 939 qadın) isə ermənilər təşkil etmişlər.
1905-ci ildə Dəvəli kəndində 159 nəfər, 1914-cü ildə 263 nəfər azərbaycanlı yaşamışdır.
Sovet hakimiyyəti illərində kəndin erməniləşdirilməsi siyasəti davam etdirilmişdir. 1922-ci ildə artıq kənddə 1.533 nəfər erməninin müqabilində cəmi 3 nəfər azərbaycanlı yaşamışdır. 1931-ci ildə kənddə azərbaycanlıların sayı 41 nəfərə çatmışdır.
1949-1950-ci illərdə kəndin azərbaycanlı əhalisinin əksəriyyəti məcburi şəkildə Azərbaycana köçürülmüş, yerdə qalanları isə 1988-ci ildə doğma yurdundan qovularaq kənd tamamilə erməniləşdirilmişdir. 1988-ci ildə Dəvəli kəndində yaşayan azərbaycanlıların sayı 30-40 evə çatırdı.
1935-ci il yanvarın 1-də kəndin adı dəyişdirilərək Ararat qoyulmuşdur
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/