Göykümbət - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Zəngibasar (Masis) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 27 km şimal-qərbdə, Zəngi çayının yanında, Zərincə dağı tərəfdə, dəniz səviyyəsindən 870 m hündürlükdə yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə "Göygünbəz" (143, s. 159), Qafqazın 5 verstlik xəritəsində "Göy- kümbət" formasında (348, s. 59) qeyd edilmişdir. Kənddə 1831 -ci ildə 21, 1873-cü ildə 166, 1886- cı ildə 200, 1897-ci ildə 230, 1908-ci ildə 252, 1914-cü ildə 280, 1916-cı ildə 241 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 80-81, 150- 151). 1918-ci ildə kəndin sakinləri erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuş və xaricdən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir. Sağ qalan azərbaycanlılar indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra öz yurdlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 98, 1926-cı ildə 162, 1931-ci ildə 174 nəfər azərbaycanlı yaşamışdır (415, s. 80-81, 150-151). SSRİ Nazirlər Sovetinin Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, kəndin əhalisi zorla Azərbaycana köçürülmüşdür. 1950-ci illərdə deportasiya edilən ailələrin az bir qismi yenidən ata yurdlarına dönsələr də, 1970-ci ildə tamamilə deportasiya olunmuşlar. Hazırda kənddə ermənilər yaşayır. Toponim Azərbaycan dilində rəng mənasında işlənən "göy" sözü ilə fars dilində "yarımkürə şəklində bina damı, qübbə" mənasında işlənən "kümbəd" sözünün birləşməsindən (11, s. 127) əmələ gəlmişdir. Azərbaycan dilində d~z səs əvəzlənməsi qanunauyğun haldır. Erm. SSR AS RH-nin 1 dekabr 1949-cu il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Geğanist" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 54).
Coğrafi koordinatları: 40°08' şm. e., 44°26' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/