Ağkənd - İrəvan quberniyasının Şərur- Dərələyəz qəzasında, keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, indi Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Yeğeqnadzor (Keşişkənd) şəhərindən 23 km şimalda, Səlim çayının yanında, Arpa çayının sağ sahilində, dəniz səviyyəsindən 1610 m hündürlükdə yerləşir. Kənddə 1831-ci ildə 222, 1873-cü ildə 498, 1886-cı ildə 546, 1897-ci ildə 670, 1904-cü ildə 918, 1914-cü ildə 1010, 1916-cı ildə 704 nəfər yalnız azərbaycanlılar yaşamışdır (415, s. 90-91, 160-161). 1918-ci ildə kənd sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla kəndi tərk etməyə məcbur olmuşlar. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz kəndlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 106 nəfər azərbaycanlı, 1926-cı ildə 126 nəfər azərbaycanlı, 172 erməni, 1931-ci ildə 167 nəfər azərbaycanlı, 297 erməni (415, s. 91, 161), 1939-cu ildə 621 nəfər azərbaycanlı və erməni (427, 185) yaşamışdır. Ermənilər buraya 1829-cu ildə İranın Xoy və Səlmas vilayətlərindən köçürülmüşdür (416, s. 15). Azərbaycanlılar 1948-49-cu illərdə zorla Azərbaycana köçürülmüşdür. Hazırda kənddə ermənilər yaşayır. Toponim qədim türk dilində "kiçik, balaca" mənasında işlənən "ağ" sözü ilə (359, I (1), s. 96) türk dilində "yaşayış məntəqəsi", "şəhər" mənasında işlənən "kənd" sözünün birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 3 iyul 1968-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Ağncazor" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 15).
Coğrafi koordinatları: 39°54' şm. e., 45°14' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/