Bayandur - İrəvan quberniyasının Zəngəzur qəzasında, keçmiş Gorus rayonunda, indi Sünik vilayətində kənd. Vilayət mərkəzi Qapan şəhərindən 87 km şimalda, dəniz səviyyəsindən 1550 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsində (348, s. 34) qeyd edilmişdir. Erməni müəlliflərinin əsərlərində kəndin adı həm də "I Bayandur", "II Bayandur" formalarında qeyd edilmişdir (415, s. 22). Kənddə 1831-ci ildə 101, 1873-cü ildə 514, 1886-cı ildə 869, 1897-ci ildə 363, 1904-cü ildə 830, 1914-cü ildə 409 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 28-29, 112-113). 1916-cı ildə kənd erməni təcavüzünə məruz qalmış və azərbaycanlılar tarixi-etnik torpaqlarından tamamilə deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. 1918-ci ildən burada ermənilər yaşayır. Toponim "bayandur" türk etnonimi (399, s. 56; 299, s. 79) əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 7 may 1969-cu il tarixli qərarı ilə adı dəyişdirilərək "Vağatur" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 186).
Coğrafi koordinatları: 39°36' şm. e., 46°22' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/