Axta - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, keçmiş Paşalı (Vayk) rayonunda, İndi Vayotsdzor vilayətində kənd. Arpa çayının sol qolu olan Axtaçay dağ çayının sahilində, dəniz səviyyəsindən 1650 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 60), Qafqazın 5 verstlik xəritəsində (348, s. 23) qeyd edilmişdir. Kənddə 1831 -ci ildə 187, 1873-cü ildə 290, 1886-cı ildə 304, 1897-ci ildə 426, 1904-cü ildə 458, 1914-cü ildə 504, 1916-cı ildə 463 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 88-89, 158-159). 1918-ci ildə kənd sakinləri erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. Sağ qalanlar yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra ata-baba yurdlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 129, 1926-cı ildə 131, 1931-ci ildə 199, (415, s. 89, 159), 1939-cu ildə 268, 1959-cu ildə 202, 1970-ci ildə 379 nəfər (427, s. 122) yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kənd sakinləri - azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayır. Toponim padar türk tayfasından olan axta etnonimi (286, s. 57) əsasında əmələ gəlmişdir. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 10-11).
Coğrafi koordinatları: 39°38' şm. e., 45°33' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/