Alapars- İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Axta (Hrazdan) rayonunda, Kotayk vilayətində kənd. Vilayət mərkəzi Kotayk (Ellər) şəhərindən 17 km cənub-qərbdə, Zəngi (Hrazdan) çayının sahilində, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 78), Qafqazın 5 verstlik xəritəsində (348, s. 11) qeyd edilmişdir. Kənd XVIII əsrdə İrəvan xanlığının Dərə- çiçək mahalının tabeliyində olmuşdur. Xanlıq ləğv edildikdən sonra XIX əsrin əvvəllərində yaradılan İrəvan quberniyasının Novo-Bəyazid qəzasının inzibati-ərazi bölgüsünə daxil edilmişdir. 1930-1964-cü illərdə keçmiş Axta (Hrazdan) rayonunun tərkibində olmuş, 1964-cü ildə keçmiş Sevan rayonunun tabeliyinə verilmişdir. Bir ildən sonra yenidən Axta (Hrazdan) rayonuna qaytarılmışdır. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1829-1830-cu illərdə İranın Xoy, Maku, Səlmas, Türkiyənin Van, Ələş- kirt vilayətlərindən köçürülüb yerləşdirilmişdir (427, s. 69; 416, s. 9). 1829-cu ildə kəndə İrandan 83 erməni köçürülmüşdür (386, s. 591-594). 1831-ci ildə kənddə 182 nəfər azərbaycanlı yaşamışdır. 1840-1850-ci illərdə azərbaycanlılar sıxışdırılaraq tarixi-etnik torpaqlarından çıxarılmış və kənd tam ermənilərin yaşayış məntəqəsinə çevrilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim rəng bildirən "ala" sözü ilə "bars" türk etnonimi (299, s. 84) əsasında formalaşmışdır. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 9).
Coğrafi koordinatları: 40°25' şm. e., 44°38' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/