Kiçik Vedi - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Vedi (Ararat) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 7 km cənub-şərqdə, dəniz səviyyəsindən 825 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 51), Qafqazın 5 verstlik xəritəsində (348, s. 50) qeyd edilmişdir. Kənddə 1831 -ci ildə 166,1873-cü ildə 639, 1886-cı ildə 599, 1897-ci ildə 971, 1904-cü ildə 960, 1914-cü ildə 1056, 1916-cı ildə 1034 nəfər azərbaycanlı yaşamışdır (415, s. 88-89, 156-157). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qovulmuş, 1918-1919-cu illərdə Türkiyənin Şatax və Bolu vilayətlərindən köçürülüb gətirilən ermənilər bu kənddə yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişlər. Kənddə 1922-ci ildə 286 nəfər azərbaycanlı, 193 erməni, 1926-cı ildə 256 nəfər azərbaycanlı, 256 erməni, 15 kürd, 1931-ci ildə 373 nəfər azərbaycanlı, 295 nəfər erməni yaşamışdır (415, s. 88-89, 156-157). Azərbaycanlılar mərhələ-mərhələ - 1948-1953-cü illərdə, həmçinin 1988-ci ilin noyabr ayında tarixi-etnik torpaqlarından qovulmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim fərqləndirici əlamət bildirən "kiçik" sözü ilə ərəb dilində "çöl, səhra", "məkan, yer" mənasında işlənən "vadi" sözünün (104, s. 83) birləşməsindən əmələ gəlmişdir. Kəndin adı erməni dilinə kalka edilərək "Pokr Vedi" formasında rəsmiləşdirilmişdir. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 204).
Coğrafi koordinatları: 39°53' şm. e., 44°36' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/