Kosaməmməd - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Kəvər (Kamo) rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 3 km cənub-şərqdə, Kəvər çayının sahilində, dəniz səviyyəsindən 1980 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s. 141) qeyd edilmişdir. Kəndin digər adı "Aşağı Qanzak" olmuşdur (415, s. 70). "İrəvan əyalətinin icmal dəftəri"ndə kəndin adı "Kənizək" formasında qeyd edilmişdir (143, s. 55). 1897-ci ildə kənddə ermənilərlə yanaşı, 16 azərbaycanlı yaşamışdır (415, s. 70-71). 1905-1906-cı illərdə azərbaycanlılar erməni silahlıları tərəfindən deportasiya edilmişdir. Kənddə indi yalnız ermənilər yaşayır. Toponim ləqəb bildirən "kosa" sözü ilə "Məmməd" şəxs adı əsasında əmələ gəlib. Kəndin adı 1924-cü ildə dəyişdirilərək "Batikyan" qoyulmuşdur. Erm. SSR AS RH-nin 8 avqust 1991 -ci il tarixli qərarı ilə kənd "Qanzak" adlandırılmışdır.
"Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 50).
Coğrafi koordinatları: 40°19' şm. e., 45°06' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/