Daşlı - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Vedi (Ararat) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 19 km cənub-şərqdə, Vedi çayının yanında, dəniz səviyyəsindən 970 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s.100), Qafqazın 5 verstlik xəritəsində (348, s. 239) qeyd edilmişdir. "İrəvan əyalətinin İcmal dəftəri"ndə kəndin adı Gərni (Karni) və Vedi nahiyələrinə daxil olan yaşayış məntəqələrinin siyahısında əksini tapır (143, s. 98-100). Daşlı kəndində 1831-ci ildə 84, 1873-cü ildə 147, 1886-cı ildə 135, 1897-ci ildə 184, 1904-cü ildə 238, 1914-cü ildə 261, 1916-cı ildə 171 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 84-85, 154-155). 1918-ci İldə erməni silahlı birləşmələri tərəfindən azərbaycanlılar qovulmuş və xaricdən ermənilər köçürülərək burada yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra kənddən qovulmuş azərbaycanlıların bir qismi öz doğma ocaqlarına dönə bilmişlər. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 93,1926-cı ildə 95,1931-ci ildə 117 nəfər azərbaycanlı yaşamışdır (415, s. 85, 153). SSRİ Nazirlər Sovetinin Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür- Araz ovalığına köçürülməsi haqqında 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana köçürülmüşdür. İndi orada yalnız ermənilər yaşayır. Toponim Azərbaycan dilində işlənən "daş" sözünə çoxluq mənası ifadə edən "-lı" şəkilçisinin qoşulması əsasında yaranıb. Erm. SSR AS RH-nin 3 iyul 1968-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Daştakar" qoyulub. "Ermənistan Respublikasının İnzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-cİ il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 65).
Coğrafi koordinatları: 39°55' şm. e., 44°45' ş. u.
Vedibasar mahalının Cığındərə bölgəsində, Vedi çayının kənarında, Vedi rayonunun mərkəzi olan Böyük Vedi qəsəbəsindən 3 km şimal-şərqdə kənd.
Kənddə 1920-ci ilə qədər ancaq Azərbaycan türkləri yaşamışlar. 1922-1988-ci illərdə azərbaycanlılarla ermənilərin yanaşı yaşadığı qarışıq kənd olmuşdur. 1988-ci ildən sonra kənd bütünlüklə erməniləşdirilmişdir.
Kənddə 1832-ci ildə 16 təsərrüfatda 84 nəfər (43 kişi, 41 qadın), 1873-cü ildə 24 ailədə 147 nəfər (83 kişi, 64 qadın) Azərbaycan türkü yaşamışdır.
Kənd əhalisinin sayı 1886-cı ildə 23 təsərrüfatda 135 nəfərə (80 kişi, 55 qadın), 1897-ci ildə 184 nəfərə, 1904-cü ildə 238 nəfərə, 1914-cü ildə 261 nəfərə çatıb.
1918- 1920-ci illərdə erməni-daşnak təcavüzünə məruz qalan kənd dağıdılmış, əhalisinin bir hissəsi ermənilərlə döyüşlərdə həlak olmuş, sağ qalanları qaçqın düşmüş, Arazın o tayına - Cənubi Azərbaycana mühacirət etmişlər.
Bölgədə Sovet hakimiyyəti qurulduqdan sonra kənd əhalisinin az bir hissəsi geri dönmüşdür. Bu vaxt kənddə İrandan, Türkiyədən gələn ermənilər də yerləşdirilmişdilər. 1922-ci ildə kənddə 93 nəfər azərbaycanlı, 78 nəfər erməni, 1926-cı ildə 95 nəfər azərbaycanlı, 60 nəfər erməni, 1931- ci ildə 117 nəfər azərbaycanlı, 78 nəfər erməni yaşamışdır.
1937-1948-ci illərdə Qarabağlar rayonunun tərkibində mövcud olan kəndin əksər azərbaycanlı əhalisi 1948-ci ildə məcburi şəkildə Azərbaycana köçürülmüş, onların boşalmış hazır evlərində 1946-1947-ci illərdə xaricdən gətirilmə ermənilər yerləşdirilmişlər.
1968-ci il iyulun 3-də kəndin adı dəyişdirilərək Daştakar qoyulmuşdur. Əslində isə ermənilər kəndin Daşdı (Daşlı) adına daş (ermənicə kar) sözü əlavə edib, Daştakar kimi qondarma ad almışlar. Son illərə qədər kənd Böyük Vedi qəsəbə sovetliyinin tərkibinə daxil idi.
Kənddə yaşayan sonuncu azərbaycanlı ailələri qərbi azərbaycanlıların 1988-ci il soyqırımı zamanı doğma yurdlarından qovulmuş, kənd bütünlüklə erməniləşdirilmişdir.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/