Böyük Sarıyal - İrəvan quberniyasının Alek- sandropol qəzasında, keçmiş Düzkənd (Axuryan) rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 18 km şimal- şərqdə, dəniz səviyyəsindən 1880 m hündürlükdə yerləşir. 1937-ci ilə kimi keçmiş Leninakan rayonunun tərkibinə daxil idi. Kəndin başqa adı Saral olmuşdur (415, s. 44). Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Ədirnə müqaviləsinə (1829) əsasən, ermənilərin Türkiyədən köçürülüb burada məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Toponim fərqləndirici əlamət bildirən "böyük" sözü ilə qədim türk dilində "düzənlik, düz, çöl, sahə" mənasında işlənən "sara" (sarı, 359, IV (1), s. 315) və "dağın döşü, dağın yamacı", "dağ keçidi, təpə" (339, s. 648), müasir Azərbaycan ədəbi dilində "hündür bir yerin təpəsi", "dikdir", "yoxuşun başı" (10, s. 479) mənasında işlənən "yal" sözlərinin birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 2 mart 1940-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Mets Sariar" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 136).
Coğrafi koordinatları: 40°53' şm. e., 43°57' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/