Darğalı - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Qəmərli (Artaşat) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 6,5 km şərqdə, Gərni çayından axan arxın yanında, Araz çayının yaxınlığında, Yuva kəndinin kənarında, dəniz səviyyəsindən 870 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 100), Qafqazın 5 verstlik xəritəsində (348, s. 75) qeyd edilmişdir. Burada tarixən, 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Kəndə ermənilər 1828-1830-cu illərdə İranın Xoy və Səlmas vilayətlərindən köçürülmüşdür (427, s. 226). Erməni ədəbiyyatında kəndin 1831-ci ildə salındığı göstərilir (416, s. 17). Erməni tədqiqatçıları tarixi həqiqəti saxtalaşdırmışlar. Çünki 1728-ci il tarixində tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Mustafanın adına olan timarda Gərni nahiyəsinə tabe olan Darğalı kəndinin adı qeyd edilmişdir. Darğalı kəndinin gəliri 6000 ağça təşkil etmişdir (143, s. 100). Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 125, 1873-cü ildə 22, 1886-cı ildə 36, 1897-ci ildə 11 nəfər azərbaycanlı yaşamışdır (415, s. 48-49, 128-129). 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Hazırda orada ermənilər yaşayır. Toponim qədim türk dillərində "şəhər, qəza, mahal, vilayət hakimi" mənasında işlənən "darğa" sözünə (10, s. 36) Azərbaycan dilində mənsubluq bildirən "-lı" şəkilçisinin artırılması əsasında əmələ gəlib, "şəhər, qəza, mahal, vilayət hakiminə mənsub kənd" mənasını bildirir. "Aşağı" fərqləndirici əlamət bildirir. Erm. SSR AS RH-nin 1 dekabr 1949-cu il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Anasta- savan", 30 dekabr 1957-ci il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Aygezard" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 17).
Coğrafi koordinatları: 39°56' şm. e., 44°36' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/