Bazarcıq - İrəvan quberniyasının Eçmiədzİn qəzasında, keçmiş Abaran rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 13,5 km şimalda, İrəvan-Abaran yolunun sol tərəfində, Abaran çayının sağ sahilində, dəniz səviyyəsindən 1850 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 113), Qafqazın 5 verstlik xəritəsində (348, s. 28) qeyd edilmişdir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Ermənilər buraya 1829-1830-cu illərdə Muş, Ələşkirt və Bitlisdən köçürülmüşdür (427, s. 389; 416, s. 28). Toponim kiçiltmə mənası bildirən "-cıq" şəkilçisinin "bazar (basar)" türk etnoniminə (286, s. 61) qoşulması yolu ilə əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 15 iyun 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Arayi" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 28).
Coğrafi koordinatları: 40°27' şm. e., 44°22' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/