Əfəndi - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Dərəçiçək mahalında, sonralar Sevan rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 20 km şimal-qərbdə, Göyçə gölünün şimal-şərq sahilində, dəniz səviyyəsindən 1940 m hündürlükdə yerləşir. Kəndin başqa adı erməni müəlliflərinin əsərlərində "Rəhmankənd" və "Noraşen" kimi də göstərilir (415, s. 70). Lakin kəndin qədim və ilkin adı Əfəndikənd olmuşdur (415, s. 70). 1930-cu illərdə keçmiş Kəvər (Kamo) rayonunun tərkibində olmuşdur. Burada XII əsrə aid azərbaycanlılara məxsus tarixi abidələr var. Kənddə 1831-ci ildə 28, 1873- cü ildə 224, 1886-cı ildə 314, 1897-ci ildə 422, 1904-cü ildə 479, 1914-cü ildə 654, 1916-cı ildə 650 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 70-71, 144-145). 1918-ci ildə kəndin sakinləri erməni silahlı birləşmələri tərəfindən vəhşicəsinə qovulmuşdur. Ermənilər buraya 1918-1920-ci illərdə Türkiyədən köçürülmüşdür. Sağ qalan azərbaycanlılar indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra öz doğma kəndlərinə dönüb ermənilərlə bir yerdə yaşamağa məcbur olmuşlar. Burada 1922-ci ildə ermənilərlə yanaşı, 7, 1926-cı ildə 5, 1931-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır (415, s. 70-71, 144-145). 1940-cı illərdə azərbaycanlılar tamamilə deportasiya olunmuşdur. Toponim Əfəndi şəxs adı əsasında əmələ gəlmişdir. Kəndin adı Erm. SSR AS RH-nin 4 yanvar 1938-ci il qərarı ilə dəyişdirilərək "Noraşen" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 152).
Coğrafi koordinatları: 40°30' şm. e., 45°01' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/