Böyük Məzrə - İrəvan quberniyasının Novo- Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 86 km cənub-şərqdə, Məzrə çayının sahilində, dəniz səviyyəsindən 1940 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 62), Qafqazın 5 verstlik xəritəsində (348, s. 164) adı qeyd edilmişdir. Kəndin bir adı da Kalıağalı olmuşdur (415, s. 26). Burada 1831-ci ildə 293, 1873-cü ildə 956, 1886-cı ildə 1379, 1897-ci ildə 1652, 1908-ci ildə 1842, 1914-cü ildə 1970, 1916-cı ildə 1792, 1919-cu ildə 220 nəfər azərbaycanlı yaşamışdır (415, s. 26-27, 112-113). Erməni silahlı dəstələri 1919-cu ilin mart ayında Böyük Məzrə kəndinə hücum edərək sakinləri qırğınlarla tarixi torpaqlarından deportasiya etdikdən sonra (309, s. 305) 1922-ci ildə burada 572 nəfər erməni yerləşdirilmişdir (415, s. 113). Kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra ata-baba torpaqlarına dönə bilmişlər. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 572, 1926-cı ildə 594, 1931-ci ildə 867 (415, s. 27, 113), 1988-ci ildə 2500 nəfər (85, s. 281- 282) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında erməni sakinlərinin iştirakı ilə Ermənistan dövləti tərəfindən azərbaycanlılar öz doğma torpaqlarından qovulmuşdur. Hazırda orada yalnız ermənilər yaşayır. Kənddə albanlara məxsus IX əsrə aid tarixi abidə vardır. Bu tarixi abidənin üzərində "881-ci il" tarixi yazılmışdır. Eyni zamanda kəndin yaxınlığında oğuzlara məxsus qəbiristanlıq vardır. Bütün bunlar burada tarixən azərbaycanlıların yaşadığını sübut edir. Toponim Azərbaycan dilinə məxsus "böyük" sözü ilə ərəb dilində "əkilmiş yer, sürülüb toxum səpilmiş tarla" mənasında işlənən "məzrə" sözünün birləşməsi əsasında (104, s. 343) əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 3 aprel 1991 -ci tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Mets Masrik" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 136).
Coğrafi koordinatları: 40°13' şm. e., 45°46' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/