Haçaparaq - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Zəngibasar (Masis) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 25 km şimal-qərbdə, Zəngi çayının sağ sahilində, dəniz səviyyəsindən 847 m hündürlükdə yerləşir. Zəngibasar rayonu təşkil edilənədək (14.01.1969) Vağarşabad rayonunun tərkibində olmuşdur. Erməni müəlliflərinin əsərlərində kəndin tarixi adı "Xacaparaq" (415, s. 82), Azərbaycan mənbələrində "Xocəparak" (243, s. 98) kimi yazılır 1728-ci il tarixində tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 36), Qafqazın 5 verstlik xəritəsində (348, s. 263) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 326, 1873-cü ildə 716, 1886-cı ildə 753, 1897-ci ildə 1059, 1904-cü ildə 992, 1914-cü ildə 1135, 1916-cı ildə 1113 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 82-83, 152-153). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq kənddən deportasiya olunmuşdur. Sağ qalanlar yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra öz kəndlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 492, 1926-cı ildə 670, 1931-ci ildə 759 (415, s. 82-83, 152-153), 1987-ci ildə 2893 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. Hazırda orada ermənilər yaşayır. Toponim Azərbaycan dilində "haçalanmanın başlandığı yer" mənasında işlənən "haça" sözü ilə (12, s. 359), qədim türk dilində "gecələr heyvan salınan, hasarlanmış yer" mənasında işlənən "parax" sözünün (284 a, s. 10) birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Zəhmət" qoyulmuş, 3 aprel 1991 -ci il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Xaçpar" adlandırılmışdır. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 96).
Coğrafi koordinatları: 40°07' şm. e., 44°24' ş. u.
Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 8 km şimal-qərbdə, İrəvan şəhərinin 6 kilometrliyində, Zəngi çayının sağ kənarında, Arbat kəndi yaxınlığında kənd.
Kənddə ancaq Azərbaycan türkləri yaşamışlar.
Kənddə 1832-ci ildə 75 təsərrüfatda 326 nəfər (182 kişi, 144 qadın), 1873-cü ildə 99 təsərrüfatda 716 nəfər (377 kişi, 339 qadın), 1886-cı ildə 117 təsərrüfatda 753 nəfər (440 kişi, 313 qadın), 1897-ci ildə 1.194 nəfər, 1905-ci ildə 992 nəfər, 1914-cü ildə 1.135 nəfər azərbaycanlı yaşamışdır.
1918-ci ildə Zəngibasar mahalının başqa kəndləri kimi, Haçaparaq kəndi də Türkiyədən gəlmə ermənilərin vəhşi hücumlarına məruz qalmış, kənd ermənilər tərəfindən dağıdılmış, yandırılmış, əhalisi qəddarlıqla qətlə yetirilmiş, sağ qalanlar baş götürüb, Arazın o tayına mühacirət etmişlər. Kənd bir neçə il xaraba qalmış, yalnız Sovet hakimiyyətinin ilk illərində qaçqın haçaparaqlılar Vətənə geri dönmək imkanı qazanmışlar. Onların sayı 1922-ci ildə 492 nəfər olmuş, 1926-cı ildə kənd əhalinin sayı 676 nəfərə, 1931-ci ildə 795 nəfərə çatmışdır.
Lakin 1988-ci il soyqırımı zamanı kənd növbəti dəfə soyqırımına məruz qalaraq, onun 3.000 nəfərdən çox azərbaycanlı əhalisi işgəncələrlə kənddən qovuldular.
1935-ci il yanvarın 3-də kəndin adı dəyişdirilərək Zəhmət, 1991-ci il aprelin 19-da isə Xaçpar qoyulmuşdur.
Kəndin qədimliyinə dəlalət edən faktlardan biri onun qəbiristanlı- ğındakı baş və sinə daşları, qəbirlərin üstündəki qoç, at və öküz heykəlləri idi. Qoç heykəllərinin döşünə dəfn olunanın özünün, atasının və tayfasının adı, öldüyü il qeyd olunmuşdu. At fiqurlu qəbir daşlarının üstündə yuxarıdakı məlumatlarla yanaşı, mərhumun həm də yaşı yazılmışdı. Kənd qəbiristanlığında yalnız iki məzarın üstündə buynuzlu öküz heykəli vardı ki, onlarda həmçinin ölənin ailə üzvlərinin sayı da göstərilmişdi.
Bundan əlavə, Zəngi çayının yarğanından baxanda kənd qəbiristan- lığındakı 15-16 qəbrin bir-birinin üstündə yerləşdiyi görünürdü. Lap aşağı mərtəbədəki qəbrin skeleti, qol-qıç sümükləri xeyli uzun və yoğun idi.
Haçaparaq kəndində iki məscid vardı: Böyük məscid və Kiçik Məscid. Böyük məscidin həyətində iri tut ağacları, arxasında qocaman qələmə ağacı ucalırdı. Böyük məscidin eyvanının divarları Quran surələri ilə bəzədilmiş, minbərin baş tərəfindəki kitabənin içində “981“ (çox güman ki, hicri tarixi ilə) yazılmışdı. Sovet hakimiyyətinin ilk illərində kəndin hər iki məscidinin qapısına qıfıl vurulur və onların fəaliyyəti dayandırılır. Böyük Vətən müharibəsi başlayandan bir ay sonra isə hansı mülahizələrə görəsə Böyük Məscidin fəaliyyətinə təzədən icazə verilir.
Kənddəki Kiçik Məscid isə XIX yüzilin ortalarında tikilmişdi. Məscidin qarşısından çay axırdı.
1988-ci il hadisələri Haçaparaq kəndinə də böyük fəlakətlər gətirdi. 500 ailədə 3.000 nəfərə yaxın əhalisi olan kənd bir ilə yaxın erməni mühasirəsində qaldı. Kəndə girə bilməyən ermənilər, nəhayət ki, həmin ilin noyabrında vertolyotlarla kəndin qırağına hərbi geyimli erməni saqqallıları atıb, kəndi hücumla aldılar. Kəndi qorumalı olan Sovet əsgərləri özlərini görməməzliyə vurdular.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/