Ağudi - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, keçmiş Sisian rayonunda kənd. Vilayət mərkəzi Qapan şəhərindən 97 km şimal-qərbdə, dəniz səviyyəsindən 1650 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aqudı formasında qeyd edilmişdir (348, s. 6). Kənddə 1831 -ci ildə 60, 1873-cü ildə 450, 1886-cı ildə 903, 1897-ci ildə 1162, 1908-ci ildə 1345, 1914-cü ildə 1070 nəfər azərbaycanlı yaşamışdır (415, s. 76-77, 146-147; 416, s. 15). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə, qırğınlara məruz qalaraq qovulmuşlar. 1921 -ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Kənd sakinlərindən sağ qalanlar indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra doğma evlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 298, 1926-cı ildə 319, 1931 -ci ildə 496 (415, s. 77, 147), 1959-cu ildə 828, 1970-ci ildə 1222 (427, s. 200; 416, s. 15) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti tərəfindən etnik torpaqlarından tamamilə qovulmuşlar. Hazırda orada ermənilər yaşayır. Toponim qədim türk dilində "hörmətli, uca, yüksək" mənasında işlənən "ağ" sözü ilə uti//udi türkdilli tayfasının adının birləşməsi əsasında (168, s. 119) formalaşmışdır. Etnotoponimdir. Erm. SSR AS RH-nin 3 aprel 1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Ağitu" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 15).
Coğrafi koordinatları: 39°30' şm. e., 46°04' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/