Avşar - İrəvan quberniyasının İrəvan qəzasının Vedibasar mahalında, keçmiş Vedi (Ararat) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 13 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında, dəniz səviyyəsindən 835 m hündürlükdə yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftər"ində "Avşar" (143, s. 172), 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftər"ində Vedi nahiyəsində "Əfşaryerli" formasında (143, s. 51), Qafqazın 5 verstlik xəritəsində "Avşar" kimi (348, s. 3) qeydə alınmışdır. Erməni müəlliflərinin əsərlərində kəndin 1831-ci ildə salındığı göstərilir (416, s. 26). Əslində, kəndin tarixi çox qədimdir. Belə ki "İrəvan əyalətinin müfəssəl dəftər"ində XVI əsrdə Vedi nahiyəsində Avşar adlı kəndin mövcudluğu qeyd edilir (143, s. 172). Kənddə 1831 -ci ildə 80,1873-cü ildə 886,1886-cı ildə 1059, 1897-ci ildə 1166, 1904-cü ildə 1094, 1914-cü ildə 1203, 1916-cı ildə 1160 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 84-85, 154- 155). 1918-1919-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlara məruz qalaraq qovulmuşlar. Bu kənddə xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. 1920-ci ildə indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra kənddən qovulmuş azərbaycanlılardan sağ qalanları doğma kəndlərinə qayıtmışlar. 1920-ci ildən sonra kənddə azərbaycanlılarla yanaşı, ermənilər də yaşamışdır. Burada 1922-ci ildə 420 nəfər azərbaycanlı, 322 erməni, 1926-cı ildə 533 azərbaycanlı, 317 erməni, 1931-ci ildə 608 azərbaycanlı, 327 erməni yaşamışdır (415, s. 85, 155). 1831-1916-cı illərə kimi Avşar kəndində yalnız azərbaycanlılar yaşamışdır (415, s. 154-155). SSRİ Nazirlər Sovetinin Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, azərbaycanlılar 1948-1950-ci illərdə zorla Azərbaycana köçürülmüşdür. Hazırda orada yalnız ermənilər yaşayır. Toponim "çevik və ovçu- luğu sevən" mənasını verən (228, s. 40) avşar oğuz tayfasının (399, s. 56) adı əsasında əmələ gəlmişdir. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 26).
Coğrafi koordinatları: 39°50' şm. e., 44°41' ş. u.
Vedibasar mahalının aran hissəsində, Ağrıdağ vadisində, Vedi rayonunun mərkəzi olan Böyük Vedi qəsəbəsindən 12 km cənub-qərbdə, Vedi çayından ayrılan su arxının və İrəvan-Naxçıvan avtomobil yolunun üstündə, İrəvan-Naxçıvan-Bakı dəmiryol xəttinin kənarında, dəniz səviyyəsindən 847 m yüksəklikdə kənd.
1919-cu ilə qədər kənddə ancaq Azərbaycan türkləri yaşamış, 1922- 1988-ci illərdə isə azərbaycanlılarla ermənilərin yanaşı yaşadığı qarışıq kənd olmuşdur.
Kənddə 1832-ci ildə 13 ailədə 80 nəfər (42 kişi, 38 qadın), 1873-cü ildə 115 ailədə 886 nəfər (500 kişi, 386 qadın), 1886-cı ildə isə 149 ailədə 1.059 nəfər (542 kişi, 517 qadın) azərbaycanlı yaşamışdır. Sonrakı siyahıyaalmalarda əhalinin sayı belə dəyişmişdir: 1897-ci ildə 1.166 nəfər, 1905-ci ildə 1.094 nəfər, 1914-cü ildə 1.107 nəfər azərbaycanlı.
1918-1920-ci illərdə Vedibasar mahalının başqa kəndləri kimi, Av- şar kəndi də erməni daşnaklarının vəhşi hücumlarına məruz qalmış, erməni təcavüzünə qarşı mərdliklə mübarizə aparmışlar. Bu hadisələr zamanı kəndin dinc əhalisinin bir hissəsi ermənilər tərəfindən qəddarcasına qətlə yetirilmiş, sağ qalanlar isə kənddən didərgin düşmüşlər.
Vedibasar sovetləşəndən sonra qaçqın avşarlılar kəndlərinə dönmüşlər. Bu vaxt artıq kənddə Türkiyənin Van bölgəsindən qaçıb gəlmiş ilk erməni ailələri yerləşdirilmişdilər. Geri dönən 420 nəfər azərbaycanlı avşarlı bundan sonra ermənilərlə yanaşı yaşamağa məcbur olmuşdur.
1926-cı ildə kənddə 533 nəfər azərbaycanlı, 317 nəfər erməni, 1931-ci ildə isə 608 nəfər azərbaycanlı, 327 nəfər erməni yaşamışdır.
1946-1947-ci illərdə kənddə Türkiyə və İrandan gətirilmiş yeni erməni ailələri yerləşdirilmişdir.
1919 ci il aprel ayının 17-də isə Avşar kəndinin bütün azərbaycanlı əhalisi zorla Azərbaycana köçürümüşdür. Bu vaxt Avşar kəndində 260 ev azərbaycanlı, cəmi 50 ev erməni yaşayırdı. Azərbaycana deportasiya olunan avşarlılar burada 6 rayon - Salyan, Əli Bayramlı, Şəmkir, Ağcabədi, Şəki, Sabirabad rayonları arasında bölüşdürülmüşlər. İ.Stalinin ölümündən sonra yaranmış siyasi vəziyyətdən istifadə edən 10 avşarlı ailəsi isə 1954-cü ilin martında geriyə - doğma kəndlərinə qayıtmışlar.
Həmin ailələrdən bir qismi erməni təzyiq və təqiblərinə dözməyərək 1970-ci ildə yenidən Azərbaycana üz tutmuşlar.
Vedi rayonunun Avşar kəndində yaşamaqda davam edən bir neçə azərbaycanlı ailəsi isə 1988-ci ildə bütünlüklə Azərbaycana qovuldular.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/