Əfəndi - İrəvan quberniyasının Aleksandro- pol qəzasında, keçmiş Hamamlı (Spitak) rayonunda, indi Lori vilayətində kənd. Hamamlı (Spitak) 5-7 km cənub-şərqdə, Pəmbək çayının sağ qolu üzərində, Qursalı (Arcahovit) kəndi ilə Saral (Nor Xaçakap) kəndinin arasında yerləşir. Ha- mamlı rayonu təşkil edilənə qədər - 1937-ci ilə kimi keçmiş Quqark (Böyük Qarakilsə) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 303). Kənddə 1897-ci ildə 238 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 50-51). 1905-1906-cı illərdə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış, azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur. 1915- 1918-ci illərdə Türkiyədən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir (85, s. 333). İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra - 1926-cı ildə burada 10 nəfər azərbaycanlı yaşamışdır (415, s. 50-51). 1930-cu ildə onlar kənddən sıxışdırılıb çıxarılmışdır. İndi burada yalnız ermənilər yaşayır. Toponim Əfəndi şəxs adı əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 26 aprel 1946-cı il tarixli qərarı İlə kəndin adı dəyişdirilərək "Karadzor" qoyulmuşdur. "Ermənistan Respublikasının İnzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 30).
Coğrafi koordinatları: 40°50' şm. e., 44°19' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/