Uzunoba - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, indi Armavir vilayətində kənd. Vilayət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 13 km cənub-şərqdə, Araz çayının sol sahilində, dəniz səviyyəsindən 877 m hündürlükdə yerləşir. 1728-ci il tarixdə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 93), Qafqazın 5 verstlik xəritəsində (348, s. 251) qeyd edilmişdir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhali tədricən kəndi tərk etmişdir. Toponim Azərbaycan dilində "geniş, böyük" mənasında işlənən "uzun" sözü ilə "kənd, yaşayış məntəqəsi, yurd", "köçərilərin, heyvandarların müvəqqəti sakin olduqları bir neçə alaçıq və ya çadırdan ibarət yer, köç yeri" (11, s. 431) mənasında işlənən "oba" sözünün birləşməsindən əmələ gəlib, "böyük, geniş kənd" mənasını ifadə edir. Erm. SSR AS RH-nin 4 aprel 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Arqavand" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 29).
Coğrafi koordinatları: 40°03' şm. e., 44°05' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/