Böyük Şəhriyar - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, indi Armavir vilayətində kənd. Vilayət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 10 km cənub-qərbdə, Hrazdan axan arxın kənarında, dəniz səviyyəsindən 870 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 290). Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Ermənilər kənddə 1915-1922-ci illərdə Türkiyənin Van, İğdır, Tuzluca və İranın Səlmas əyalətlərindən köçürülüb yerləşdirilmişdir (416, s. 143). Toponim fərqləndirici əlamət bildirən "böyük" sözü ilə Şəhriyar şəxs adının birləşməsi əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Erm. SSR AS RH-nin 19 aprel 1950-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Nalbandyan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 143).
Coğrafi koordinatları: 40°04' şm. e., 43°59' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/