Şıxlar (Qarakilsə)- Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, keçmiş Sisian rayonunda, indi Sünik vilayətində kənd. Vilayət mərkəzi Qapan şəhərindən 117 km şimal-qərbdə, dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. "İrəvan əyalətinin icmal dəftərində "Şeyxler" (143, s. 150), Qafqazın 5 verstlik xəritəsində "Şıxlar" formasında (348, s. 296) qeyd olunmuşdur. Kənddə 1831-ci ildə 44,1873- cü ildə 312, 1886-cı ildə 306, 1897-ci ildə 544, 1908-ci ildə 590, 1914-cü ildə 585 nəfər azərbaycanlı yaşamışdır (415, s. 76-77, 146-147). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin törətdiyi qırğınlar nəticəsində kənddən deportasiya edilmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə qayıtmışlar. Kənddə 1922-ci ildə 326, 1926-cı ildə 391, 1931- ci ildə 411 nəfər azərbaycanlı yaşamışdır (415, s. 76-77, 146-147). 1988-ci ilin sonlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim qazax türk tayfasından olan "şeyxlər" (şıxlar) etnonimindən (386, s. 535) əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 2 mart 1940-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Qızıl Şəfəq", 8 avqust 1991-ci il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Torunik" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s.197).
Coğrafi koordinatları: 39°33' şm. e., 46°02' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/